İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə əlaqədar “Xeyli miqdar” və “külli miqdar” çərçivəsində nəzərdə tutulan məbləğlər dəyişir, artıq istehlakçıları 5 000 manatdan yuxarı aldatma cinayət məsuliyyəti yaradacaq.
FED.az xəbər verir ki, bu yenilik Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, bu halda “xeyli miqdar” dedikdə, 300 manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 3 000 manatdan yuxarı olan məbləğ başa düşülür.
Layihəyə əsasən, bu maddədə “xeyli miqdar” dedikdə, 5 000 - 30 000 manat, "külli miqdar" dedikdə isə 30 000 manatdan yuxarı olan məbləğ başa düşüləcək.
Qeyd edək ki, qanuna əsasən, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma 3000-5000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə. külli miqdarda ziyan vurmaqla törədildikdə 5000-7000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 10-15 min manat cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (APA).