Uzun müddət bir şirkətdə işləyən insanı düşünün : eyni şirkətdə peşəkar gözünü açıb, 15 il eyni yerdə işləyib, eyni insanlarla daim eyni tərz ünsiyyətdə olur. İllərlə eyni peşəkar çevrə – eyni qohumlar və yerlilər – eyni dostlar. 15 il işləyən şirkət artıq yeni inkişaf mərhələsinə keçir – artıq şirkətə yeni rəhbərlik gəlir, fərqli tərz idarə etmə sistemi qurulur, strategiya dəyişir və bu strategiyanı tətbiq edəcək yeni rəhbər gəlir, şirkət artıq öncəkindən fərqli olaraq yeni və rəsmi geyim tərzinin tələb edir, hərkəsin inkişaf etməsi və yeniliklərə açıqlığı gözlənilir. İlk öncə kim bu dəyişikliklərə qarşı çıxacaq və şiddətli müqavimət göstərəcək? Bəli, bu tərz insanlar.
Açıqlamalarında iki hissə var – rəsmi və qeyri-səmimi və qeyri-rəsmi, amma səmimi olan. Rəsmi tərəfi belədir : “Biz indiyə qədər belə işləməmişik”, “yeni gələnlər işi korlayacaq”, “şirkət sahibinə zərər verəcəklər”. Bu sözlər səmimi deyil. Şirkət sahibi və şirkət onların vecinə belə deyil əslində.
Qeyri-rəsmi və dilə gətirilməyən səbəb isə sadədir : qorxu. Qəbinin dərinliklərində heç kim şirkəti düşünmür – insan öz qorxu və məqsədlərinə görə hərəkət edir.
Eləcə də bax: Niyə Bakıdan uçmaq Tbilisidən 3 dəfə bahadır? - STATUS
İllərlə eyni qapalı çevrədə olan, qohumunun anlayışına güvənən, eyni dostları ilə eyni çeynənmiş mövzularda danışan, eyni naharı eyni insanlara edən, eyni sözləri fərqli müştərilərə deyən insan özünü peşəkar mağaraya salmış olur – və o mağaradan bayıra çıxmağa qorxur. Peşəkar mağarada olmağın digər göstəricisi – insan özünü təqdim edərkən mütləq şirkət və vəzifəsinn adını çəkir, bəzi hallarda isə “bilirsinizdə, ora kimindir? Filankəs müəllimin. O apparatda işləyən Filankəs müəllimin yeznəsi var, bax onun”.
Mağarada olmaq rahatdır – içəridə istidir, yemək var, rahat ünsiyyət, bəzən mağaradan bayıra çıxıb yemək axtarmaq lazımdır, amma insan dərhal geri dönür. Mağaranın ən lüksu isə odur ki, yemək özü mağaraya gəlir – çıxmağa belə ehtiyac yoxdur. Necə ki, devalvasiyadan öncə şirkətlər yatırdı –müştəri özü gəlirdi.
Və böyüməkdə olan şirkətdə hər deyişikliyi insan şəxsi rahatlığı, komfort və rifahına təhlükə kimi gördüyünə görə də mağaradan kənara çıxmamaq üçün dirənir. Və əlindən gələni edir ki, yeniliklər alınmasın.
Amma bu gün Azərbaycanda baş verən ciddi iqtisadi dəyişikliklər nəticəsində “şirkətə canımı verdim” deyənləri acı həqiqət gözləyir : işsiz qalma, yəni mağaradan çıxarılma. İllərlə aktiv işləmədikləri, inkişaf etmədiklərinə görə insanlar peşəkar olaraq “paslanır”. Nəticə? İnsana təşəkkür edərək insanı yola salırlar.
NƏ ETMƏLİ?
- Başqalarına – insanlara və şirkətlərə, qruplaşma və cəmiyyətlərə etibar etməyin- ÖZÜNÜZ GÜC OLUN;
- Peşəkar olaraq daim özünüzü mağaranızdan çıxarın – oxuyun, inkişaf edin, yeni insanlara tanış olun;
- İnsan ANCAQ özünə güvənməli və ANCAQ özü GÜC OLMALDIR;
- Şirkət, vəzifə, status və poqonlar vacibdir – amma onlar hamısı GÜCLÜ insanın AKSESUARLARIDIR. Aksesuarlardan qaçın – güclü insana aksesuar təklif ediləcək doğru zamanı gəldikdə.
Demək istəyidim qısaca budur –bu gün bizlər Azərbaycanda baş verən köklü dəyişikliklərin şahidi oluruq. Və çox təbiidir ki, iqtisadi dəyişikliklər biznesə təsir etməklə avtomatik olaraq əmək bazarına təsir edəcək. Bu günə qədər olanları unutmaq lazımdır – yeni reallıqlarda tamamilə fərqli bacarıq və xüsusiyyətlərə tələb var, və bu günün tələblərinə cavab verməyənlər sadəcə işsiz qalacaqlar.
Azərbaycanda sahibkarlarımız artıq biznesdə və idarəçilikdə işin elmi tərəflərinə əhəmiyyət verməyə başlayıblar, və bu mövzularda səbirli olmağa belə zamanları yoxdur – ölkədə pul kütləsi azalıb, banklar rahat kreditləri vermir, müştərimiz olduqca tələbkar və seçicidir. Bütün bunlara əlavə olaraq gəlirlər azalır – amma xərclər artır, və nəticədə də sahibkarlarımızın mənfəəti azalır. Azalmaqla bərabər –rəqabət də güclənir. Sahibkar nə edəcək? Gəlirləri artıran, xərcləri azaldan, müştərilərin qayğısına qalan, uzun müddətli sistem qura bilən insanları cəlb edəcək, digərləri ilə isə sadəcə yollarını ayıracaq.
Hesab edirəm ki, növbəti bir neçə il ərzində Azərbaycanda biznesdə və xüsusiyyətlə də əmək bazarında ciddi və müsbət dəyişilkiklər olacaq. Bu pozitiv dəyişiliklər nəticəsində isə ölkəmizdə xaricdən orada illərlə yaşayan müxtəlif sahənin gənc peşəkarları geri dönəcək. Onların enerjisi, savadı, biliyi ilə rəqabət apara biləcəyinizi özünüzə hər gün sorğulayın. Və peşəkar mağaradan çıxın.