"Kim və necə qiymətləndirir ki, Azərbaycanda məhkəmələr hansı dərəcədə müstəqildir. Biz inanırıq ki, Azərbaycanda məhkəmə müstəqilliyi var".
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadçı-ekspert Samir Əliyevin Azərbaycanda məhkəmələrin müstəqil olmaması ilə bağlı iddialarına cavab verərkən deyib.
Eləcə də bax: İlham Əliyev: «Məhkəmələrdə islahatlara ciddi ehtiyac var»
Onun sözlərinə görə, məhkəmə sahəsində olan çatışmazlıqlar mütəmadi olaraq aradan qaldırılır: "Azərbaycan hökuməti Dünya Bankı ilə elektron məhkəmə sahəsində uğurlu layihə həyata keçirir. Layihənin uğurlu olmasını Dünya Bankı da dəfələrlə təsdiqləyib. Amma düşünək ki, Anqlo-Sakson hüquq sistemində yaranmış 1 000 illik təcrübə 10 il ərzində Azərbaycanda olacaq, əlbəttə ki, bu, real deyil. Bu, mərhələlərlə olacaq bir işdir və çox uzun bir prosesdir. Ümumiyyətlə məhkəmə sahəsində aparılan islahatların nəticələri heç də 1-3 ilə meydana çıxan deyil”.
Nazir S.Əliyevin dövlət kommunal sektordan çəkilməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Biz də sizinlə razıyıq ki, ideal vəziyyətdə dövlət tənzimləyici funksiyaları həyata keçirir. Lakin Azərbaycanda bu, heç də asan deyil. Bu gün təkcə məişət tullantılarının idarə edilməsindən dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar. Bunun sosial təsirlərini qiymətləndirə bilərsinizmi? Yəni tarifləri 15 dəfə qaldırmalıyıq. Yaxud su təchizatı sistemindən dövlət geri çəkilsə, tariflər dəfələrlə qalxmalıdır. Biz Dünya Bankı ilə məişət tullantılarının idarə olunması ilə bağlı 15 illik proqram hazırladıq. Çünki tədricən dövlət bu sektordan çəkilməlidir. Bir poliqonun tikintisinə 40 mln ABŞ dolları, onun saxlanmasına isə 10 mln. dollar xərc lazımdır. O xərcləri çıxarmaq üçün Avropadakı kimi gərək bir ailənin aylıq ancaq məişət tullantıları xərci 30-50 avroya çatsın. Bu gün Azərbaycan ailəsini o qədər yükləmək olmaz”.
Eləcə də bax: Nazirlik MTK-lardan mənzilləri neçəyə aldığını açıqladı – 1 KVADRATMETRİN QİYMƏTİ
Eləcə də bax: "İnsan kasıb olduğunu bildirir, amma telefona ayda 70-80 manat ödəyir" - ARAŞDIRILACAQ