Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və ”Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.
Eləcə də bax:Minimum əmək haqqına görə digər maaşlar nə qədər artacaq? - MƏBLƏĞLƏR
Nazirlikdən o da bildirilib ki, özəl sektorda da minimum əmək haqqı 180 manatdan az müəyyən oluna bilməz: "Buna elektron sistem vasitəsilə nəzarət olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək”.
Minimum əməkhaqqının artımı ekspertlər tərəfindən də müsbət qiymətləndirilib. Lakin bu artımın bahalaşmaya və inflyasiyanın artmasına səbəb olacağı da istisna edilməyib.
İqtisadçı ekspert Natiq Cəfərli isə bu artımın bahalaşmaya və inflyasiyanın artmasına səbəb olacağını istisna etməyib: "Azərbaycanda həmişə maaş və təqaüdlərin artması ilə paralel olaraq qiymətlər də artır, bu bahalaşmanı tətikləyən bir amil olur. Minimum əməkhaqqının artırılması ilə bazara əlavə manat kütləsi daxil olacaq, il ərzində təxminəm 450 milyon manata yaxın əlavə ödənişlər olacaq. Bazara əlavə vəsait daxil olması inflyasiyanı və qiymət artımını tətikləyən faktorlardan biri ola bilər. Ancaq bu ənənəvi faktorlarla birləşəndə daha çox mənfi reaksiya doğurur. Çünki Azərbaycanda noyabr ayından başlayaraq hər il yeni il öncəsi bir qiymət artımı müşahidə olunur, Novruz bayramı öncəsi də ikinci qiymət artımı baş verir. Bu il də fevral ayının sonu, mart ayınının əvvəllərindən başlayaraq növbəti qiymət artımı dalğası yaranacaq. Bu, həm bayramlardan öncə tələbatın artması ilə bağlıdır, həm də mövsümi olaraq yerli malların bazarlardan çəkilməsi ilə əlaqədardır. Çünki saxlanılma ilə bağlı problemlər həll olunmadığından, əsasən də kənd təsərrüfatı məhsulları bazardan çəkilir, xarici məhsulların üstünlüyü olur deyə, qiymətlər artır. Bütün bu amillərin birləşməsi və minimum əməkhaqqının artımı nəticə etibarilə bahalaşmaya səbəb olan faktora çevrilir. Bu dəfə də bahalaşma ola bilər - ehtimal çox yüksəkdir. Fevralın sonundan başlayaraq mart ayında Novruz bayramına qədər qiymət artımının yeni dalğasını müşahidə edəcəyik”.
Minimum əməkhaqqının artırılması qiymətlərə təsir edəcək?
12:43
11 Fev 2019