Azərbaycanda 2026–2030-cu illərdə məşğulluq siyasətinin əsas istiqamətləri, əmək bazarında aparılacaq islahatlar və gözlənilən nəticələr müəyyənləşdirilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin 20 iyul 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”na istinadən xəbər verir ki, sənəddə 6 prioritet istiqamət üzrə ümumilikdə 50 tədbir nəzərdə tutulub.
Planda göstərir ki, tədbirlərdən 40-nın icrasına 2026-cı ildə, 9-na 2027-ci ildə, birinə isə 2028-ci ildə başlanması planlaşdırılır. Tədbirlərin böyük hissəsi 2030-cu ilədək davam edəcək.
Startapların sayı minimum 100-ə çatdırılacaq
Birinci prioritet istiqamət məşğulluqyönümlü iqtisadi inkişaf, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 7 tədbiri əhatə edir.
Regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi çərçivəsində ilkin mərhələdə startapların sayının minimum 50-yə, təqdimat günlərinin sayının minimum 2-yə çatdırılması nəzərdə tutulur. Aralıq nəticə kimi startapların minimum sayı 100, təqdimat günlərinin sayı isə minimum 4 müəyyənləşdirilib.
Yekun məqsəd startapların kommersiyalaşdırılması, xarici investisiya cəlb edən və beynəlxalq bazarlara çıxan layihələrin sayının artırılmasıdır.
Özünüməşğulluq proqramına cəlb olunan şəxslərin fərdi sahibkar və ya ailə kəndli təsərrüfatı kimi rəsmi qeydiyyata alınmasının təşviqi, yaradılmış bizneslərin davamlılığının gücləndirilməsi də planın əsas istiqamətlərindəndir.
Süni intellekt məşğulluq xidmətlərinə gətiriləcək
Əmək bazarının hüquqi və institusional bazasının təkmilləşdirilməsi üzrə 10 tədbir müəyyən edilib.
İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması, pilot layihələrin həyata keçirilməsi və bu xidmətlərdən yararlanan şəxslərin sayının artırılması planlaşdırılır.
İşsizlikdən sığorta ödənişi, peşə hazırlığı, özünüməşğulluq, kvota üzrə iş yerlərinin müəyyənləşdirilməsi və digər məşğulluq xidmətlərinin tam avtomatlaşdırılması nəzərdə tutulur. Avtomatlaşdırılmış monitorinq və hesabat mexanizmləri də yaradılacaq.
Regionlarda 6 yeni peşə hazırlığı mərkəzi fəaliyyətə başlayacaq. Bununla yanaşı, yeni “DOST” mərkəzlərinin yaradılması və məşğulluq xidmətlərinin həmin mərkəzlərdə göstərilməsi planlaşdırılır.
Sənəddə çevik iş rejimi modellərinin tətbiqi, iş yerində təcrübə və şagirdlik dövründə əmək münasibətlərini tənzimləyən yeni mexanizmin yaradılması, həmçinin əmək miqrasiyası qanunvericiliyinin təkmilləşdirilməsi də yer alıb.
Beynəlxalq Əmək Təşkilatının 184, 190 və 191 nömrəli konvensiyalarına Azərbaycanın qoşulması imkanları araşdırılacaq və müvafiq təkliflər hazırlanacaq.
Dual peşə təhsilində tələbələrin sayı artırılacaq
Ən çox tədbir üçüncü prioritet istiqamətdə – işçi qüvvəsinin bacarıqlarının inkişafı və əmək standartlarının təkmilləşdirilməsi bölməsində nəzərdə tutulub. Bu istiqamət 11 tədbiri birləşdirir.
“Peşələr üzrə elektron atlas” informasiya sisteminin yaradılması, sənayeyönümlü yeni peşə ixtisaslarının müəyyənləşdirilməsi, “yaşıl iqtisadiyyat” üçün peşə hazırlığı proqramlarının yenilənməsi və peşəyönümü xidmətlərində rəqəmsal həllərin tətbiqi planlaşdırılır.
Müasir texniki bilik və bacarıqlar üzrə təlim keçən peşə təhsili müəllimlərinin sayının ilkin mərhələdə minimum 250-yə, yekunda isə minimum 300 nəfərə çatdırılması hədəflənir.
Dual peşə təhsili proqramına cəlb olunan tələbələrin sayının əvvəlcə 1 400, daha sonra 1 500, yekunda isə 1 600 nəfərə yüksəldilməsi nəzərdə tutulub. İqtisadiyyatın prioritet sahələri üzrə beynəlxalq sertifikat proqramlarına uyğunlaşdırılmış 2 pilot təhsil proqramı da tətbiq ediləcək.
Həssas qrupların əmək bazarına çıxışı genişləndiriləcək
Dördüncü prioritet üzrə 7 tədbir sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasına yönəlib.
Regionlarda işsiz və işaxtaran şəxslər, xüsusilə gənclər üçün onlayn və hibrid təlimlər təşkil olunacaq. İşə düzəlməkdə çətinlik çəkən qadınların aktiv məşğulluq tədbirlərinə cəlbi gücləndiriləcək.
Dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslər üçün fərdi məşğulluq proqramlarının hazırlanması və onların işlə təminatının yaxşılaşdırılması da planlaşdırılır.
Qeyri-formal məşğulluğa qarşı riskəsaslı elektron audit gəlir
Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması və sosial dialoqun inkişafı üzrə 8 tədbir nəzərdə tutulub.
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının digər dövlət informasiya sistemləri ilə inteqrasiyası, yeni funksionallıqların yaradılması və riskəsaslı elektron auditin tətbiqi planlaşdırılır.
Kənd təsərrüfatında, o cümlədən ailə kəndli təsərrüfatlarında çalışanların elektron uçotunun aparılması üçün təkliflər hazırlanacaq.
Əcnəbi işçi qüvvəsinə tələbatın proqnozlaşdırılması, xarici işçilərə ehtiyacın mümkün qədər yerli kadrlar hesabına qarşılanması da əsas hədəflər sırasındadır.
Minimum əməkhaqqının əmək bazarına təsiri proqnozlaşdırılacaq
Altıncı prioritet əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi üzrə 7 tədbirdən ibarətdir.
İşəgötürənlərin peşələr üzrə işçi qüvvəsinə tələbatını müəyyənləşdirmək üçün hər il sorğular keçiriləcək. Məzunların işədüzəlmə imkanları elektron sistemlərin inteqrasiyası əsasında qiymətləndiriləcək.
Minimum əməkhaqqı artımının əmək bazarına təsirini qiymətləndirən metodologiya hazırlanacaq və qısamüddətli proqnozlar veriləcək. İşçi qüvvəsi axınlarının təhlili əsasında əmək bazarındakı hərəkəti əks etdirən proqnozlaşdırma sistemi də yaradılacaq.
Tədbirlər Planının əsas ağırlıq mərkəzini məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, peşə bacarıqlarının əmək bazarına uyğunlaşdırılması, regionlarda xidmət infrastrukturunun genişləndirilməsi və qeyri-formal məşğulluğa elektron nəzarət təşkil edir.
Sənəddə startapların, regional peşə hazırlığı mərkəzlərinin, təlim keçən müəllimlərin və dual təhsilə cəlb edilən tələbələrin sayı üzrə konkret hədəflər müəyyənləşdirilib. Bununla belə, yekun indikatorların əhəmiyyətli hissəsi “sayının artırılması”, “əlçatanlığın yüksəldilməsi” və “səmərəliliyin gücləndirilməsi” kimi nisbi ifadələrlə təqdim olunub. Buna görə planın real nəticələrinin qiymətləndirilməsi illik hesabatlarda açıqlanacaq faktiki göstəricilərdən və hazırlanacaq monitorinq metodologiyasından asılı olacaq.











































