Türkiyənin "Beşiktaş" idman klubunun Azərbaycanlı azarkeşləri cəbhəyanı kəndlərə baş çəkərək şagirdlərə hədiyyələr veriblər. FED.az xəbər verir ki, Azərbaycanlı “Beşiktaş”lılar martın əvvəlində Ağcabədi rayonunun Mişni kənd tam orta məktəbində təhsil alan uşaqlarla görüşüblər.
Şagirdlərə müxtəlif kitablar, məktəb ləvazimatları, üzərində "Beşiktaş"ın simvolları həkk olunmuş formalar, şərflər və papaqlar həddiyə olunub. Məktəblilərlə söhbət edib, onların arzuları barədə danışan “Beşiktaş”lı gənclər bir daha görüşmək ümidi ilə birlikdə xatirə fotosu çəkdiriblər.
Bu səfər “Kənd məktəblilərinə yardım” şüarı ilə keçirilən aksiyanın dördüncü tədbiri idi. Azərbaycanlı “Beşiktaş”lılar qrupu bir neçə ay əvvəl Ağdam və iki dəfə Daşkəsən rayonunun cəbhəyanı kəndlərinə səfər edərək oradakı məktəblilərlə görüşmüşdü. Qrup gələcəkdə belə xeyriyyə aksiyalarının Azərbaycanın digər bölgələrində də keçirilməsini planlaşdırır. Yardım aksiyası hər kəs üçün açıqdır, kampaniyaya dəstək olmaq istəyən şəxslər “Facebook”da “Kənd məktəblərinə yardım” səhifəsinə müraciət edərək öz töhfələrini verə bilər.
Azərbaycanlı "Beşiktaş" fanatları Ağcabədidə xeyriyyə aksiyası keçirib
16:47
5 Mart 2019