2018-ci ildə Azərbaycanda ciddi siyasi hadisələrin olması gözlənilir. Prezident seçkiləri bu hadisələrdən yalnız biridir və onun ciddi struktur və kadr islahatları ilə müşayiət olunacağı gözlənilir. FED.az xəbər verir ki, hələlik dəyişikliklərin nə qədər ciddi və kütləvi olub-olmayacağı bilinmir. Amma bir neçə il bundan əvvəl başlanan yeniliklər – müxtəlif islahatlar, yeni təşəbbüslər və struktur dəyişikliklərinin arxasında yeni idarəetmə modelinin konturları görünməyə başlayır.
Artıq məlumdur ki, ölkədə yeni şaquli, yəni mərkəzi idarəetmə orqanlarına əsaslanan idarəetmə mexanizmləri yaradılır. Bütün orqanlar mərkəzi baş quruma bağlı olur. Bu idarəetmədə çevikliklə yanaşı, həm də, ictimai nəzarət hesabına prosesin nisbətən şəffaflaşmasına səbəb olmalıdır. Ən maraqlısı odur ki, bütün bu prosesdə rayon icra hakimiyyətlərinə rol ayrılmayıb. Hər halda indiyədək aparılan dəyişikliklər vaxtilə bölgələrdə hakimiyətin əsas təmsilçisi olan rayon və şəhər icra hakimiyyətlərinin səlahiyyətlərinin kiçilməsinə gətirib çıxarıb və bu proses davam etməkdədir.
Bölgələrin «əsl sahibləri» kimdir?
Təqribən 15 il, hətta 10 il bundan əvvəl rayon həyatını yerli icra hakimiyyətlərinin iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bölgədə baş verən istənilən proses - təhsil, səhiyyə və mədəniyyət sektorlarının idarə olunması, yolların tikintisi, abadlıq, yerli sahibkarlarla münasibətlər, istənilən tikinti işləri və tikintiyə icazələr, dövlət torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının bölgüsü və onlardan istifadə, kommunal xidmətlər və s. yerli icra hakimiyyətlərinin iştirakı ilə aparılırdı.
Digər tərəfdən, uzun illərdir ki, icra hakimiyyətləri nəzarət etdikləri sahələrdəki maliyyə axınlarına və kadr siyasətinə nəzarət edirdilər.
Bu qədər rəsmi və qeyri-rəsmi səlahiyyətin bir qurumda cəmləşməsinin mənfi nəticələri də vardı. Onlar ölkənin idarəetmə ierarxiyasında inersiyalı və qeyri-çevik quruma çevrilib, onlar ayrı-ayrı sahələrin inkişafına mənfi təsir edir, eləcə də yerli əhalidən və sahibkarlardan şikayətlərin əsas personajıdır.
Əvvəllər bu halı ölkədəki ümumi problemlərlə, o cümlədən idarəetmənin təkmilləşməsi ilə izah etmək mümkün olurdısa, son vaxtlar baş verən dəyişikliklərin fonunda, xüsusilə bölgələrin inkişafı və bölgələrə investisiya cəlb edilməsi planları fonunda bu məsələ hökumət üçün başağrısına çevrilməkdədir. Burada əsas problem icri hakimiyətlərinin digər mərkəzi icra hakimiyəti orqanları qarşısında hesabatlı olmaması idi.
İcra hakimiyyətlərinin hakimiyyəti azalır
Görünür, məhz buna görə, idarəetmə sektorunda aparılan islahatlar məhz icra hakimiyyətləri ilə başlayıb. Son illər hökumət yerli icra hakimiyyətlərinin səlahyyətlərinin nisbətən azaldılaraq daha çox regional qurumlara verilməsinə başlayıb.
«Qopmalar»a rayondakı əsas sektorlardan sayılan təhsil sektorundan start verilib. Prezident İlham Əliyevin 24 iyun 2014-cü il tarixli sərəncamı ilə 2015-ci ilin yanvarın 1-dən rayon təhsil şöbələri ləğv edilərək regional təhsil idarələri yaradıldı. Nəticədə yerli icra hakimiyyətləri bu sahədəki təsir rıçaqlarından və maliyyə axınlarına nəzarətdən məhrum oldular. Digər yenilik məktəb direktorlarının təyinatında baş verdi, əvvəllər məktəb direktorlarını yerli icra hakimiyyətləri təyin edirdilərsə, artıq bu vəzifəni test imtahanından keçən istənilən şəxs tuta bilər. Hər iki dəyişiklik təhsil sektorundakı neqativ halların da azalmasına təsirini göstərməlidir.
Növbəti regional sahə - turizm və mədəniyyət idarələri
Ən maraqlı dəyişikliklərdən biri mədəniyyət və turizm şöbələrinin icra hakimiyyətlərinin nəzarətindən çıxarılması oldu. Bu barədə sərəncam 2016-cı ildən imzalandı və 2017-ci ilin yanvarından həmin sahə artıq birbaşa Mədəniyyət və Turizm Nazirliyineə həvalə edildi. Bununla da ölkədə ən sürətlə inkişaf edən turizm sektorunun icra hakimiyyətlərinin nəzarətinə keçməsinin qarşısı alındı. Hazırda bu sahədə həllini gözləyən əsas problemlərdən biri turizm obyektinin tikintisi üçün icazə mexanizminin şəffaflaşmasıdır. Hökumət turizm sektorunu investisiya cəlb etmək istəyirsə, bu meanizm sadələşməli və ona sahəvi mərkəzi icra hakimiyyəti orqanı – Mədəniyyət və Turizm Nazirliyi də nəzarət etməlidir.
Kənd təsərrüfatı şöbələri qayıdır
Bu arada əks proseslər də baş verdi. Dövlət başçısının 2014-cü ilin 6 aprel tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ilə regional kənd təsərrüfatı idarələri ləğv edilərək rayon şöbələri yaradıldı. Məqsəd rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması idi. Hazırda aqrar sektora olan diqqəti və bu sahədəki yenilikləri nəzərə alanda bu qərar təbii görünür. Amma digər sahələrdə əks proseslər yenidən davam edir.
Torpaqların icarəyə verilməsi
İndiyədək formalaşmış praktikaya görə, bölgələrdəki, dövlət torpaqları, xüsusilə də əkin və örüş sahəsi üçün nəzərdə tutulanlar, icra hakimiyyətlərinin qərarı ilə icarəyə verilirdi. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi tələb olunsa da, əksər hallarda icra hakimiyyətləri buna əməl etmirdilər. Amma ölkədə aqrar sektora, əkin sahələrinə diqqətin artması torpaqlardan səmərəli istifadəni tələb edir. Buna görə də, mövcud qaydalara əməl olunmasına nəzarət gücləndi. Artıq Əmlak Məsələləri Dövlət Komitəsinin də elan etdiyi kimi, bu qurumun rəyi olmadan torpaqların icarəyə verilməsi qanunsuzdur.
Ev tikintisi üçün icazələrin verilməsi
Nə qədər qəribə olsa da, yerli icra hakimiyətlərinin indiyədək nəzarət etdiyi və ən böyük qanunsuzluqların baş verdiyi sahələrdən biri də məhz tikintiyə icazələrdir. Xüsusilə fərdi evlərin tikintisinə icazə prosesi qeyri-şəffaf olduğuna görə, ölokə iqtisadiyyatı, daha dəqiqi tikinti materialları və inşaat xidmətləri biznesi hər il orta hesabla 100 milyon dollar real investisiya itirir. Doğrudur, Şəhərsalma və Tikinti Məcəlləsində tikinti icazələri ilə bağlı məsələlər sadələşdirilib. Amma onun icra tərəfi barədə bunu demək olmaz. Məsələn, bu sahəni şəffaflaşdıracaq müfəssəl planların hazırlanması işi yenə də yerli icra hakimiyətlərinə tapşırılıb və təəccüblü deyil ki, bu məsələ indiyədək açıq qalıb. Yeri gəlmişkən, bu məsələ özünü Azərbaycanın beynəlxalq reytinqlərində də göstərir. Belə ki, tikinti icazələrinin verilməsindəki şəffaflığa görə, ölkəmiz 190 ölkə arasında 161-ci yeri tutur.
Yolların tikintisi və kommunal xidmətlər də mərkəzləşib
Yerli icra hakimiyyətlərinin nəzarət etdiyi digər sahə – yolların tikintisi də artıq bir neçə ildir mərkəzləşmiş xarakter alıb. «Azəravtoyol» dövlət şirkəti bu sahədə bütün resurslara və onların sərf edilməsinə nəzarət edir. Eyni sözləri qaz, işıq, su və digər kommunal xidmətlər haqqında demək olar.Həmin sahələrin də idarəetməsi sahəvi mərkəzi qurumlarda cəmləşib və yerli icra hakimiyətləri yalnız onlara dəstək verməlidirlər.
Bazarı qarşısına çəkilən hasar
Hələ bir neçə il bundan əvvəl Azərbaycanın bölgələrinin birində icra hakimiyətinin başçısı rayondakı bazarı ona satmayan sahibkardan heyf çıxmaq üçün bazarın qarşısına hasar çəkmiş və öz mağazalarını tikmişdi. Sahibkarların bununla bağlı şikayətləri heç bir nəticə verməmişdi. Bu, rayonlarda icra hakimiyyətlərinin sahibkarlarla münasibətlərinin simvolik götəricisi idi. İndi vəziyyət başqadır, daha dəqiqi dəyişməlidir. Məsələ bundadır ki, qeyri-neft sektorunu inkişaf etdirməyə çalışan hökumət bunun yolunun kiçik və orta sahibkarlıqdan keçdiyini başa düşüb, və onlara dəstək verməyə cəhd edir. İş adamlarının problemləri bir neçə səviyyədə – nəzarətə götürülüb. Xüsusçilə İqtisadiyyat Nazirliyi və onun tərkibində yeni yaradılmış kiçik və orta sahibkarlıq agentliyi iş adamları ilə daha yaxın işləmədidir. Nəticədə indii icra hakmiyyətlərinin yerli biznesə təsir imkanları da azalır.
Parklar və abadlaşdırma işləri
Bütün bu dəyişikliklərin nəticəsi olaraq hazırda icra hakimiyyəti orqanlarının bilavasitə nəzarət etdiyi sahə bölgələrdəki parklar, abadlaşdırma işləri və kommunal xidmət sektorudur.
Sahibkarlarla dost olmaq lazımdır
Əvəzində icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələr artmaqdadır. Dövlət başçısının dəfələrlə səsləndirdiyi tapşırıqları əsasən yerli icra hakimiyətləri bölgələrlə iş adamlarına maksimum şərait yaratmalı, onları lazımi infrastrukturla təmin etməlidirlər. Məsələ bundadır ki, indiyədək bu sahədə qeyri-müəyyənlik olsa da, bundan sonra icra başçılarının fəaliyətinin səmərəliliyi konkret göstəricilərlə ölçüləcək. Bunlar investisiya qoyuluşlarının həcmi, iş yerlərinin sayı və s.-dir.
Üstəlik, mərkəzi büdcədən bölgələrə ayrılan vəsaitlərin azalması, bəzi rayonlardan isə, üstəlik mərkəzi büdcəyə ödəniş tapşırıqlarının verilməsi icra hakimiyyətlərini ciddi düşünməyə vadar etməlidir. Bu məsələdə onların yeganə müttəfiqi biznesdir. Biznesə yaradılan şərait, onların açdığı yeni iş yerləri və büdcəyə ödəmələri icra başçıları üçün əsl oksigen olacaq. Əlbəttə ki, bununla bağlı indiyədək bəyanatların icrasına nəzarət lazımi səviyyədə olarsa.
Kim qalacaq – icra hakimiyyətləri, yoxsa bələdiyələr?
Hazırda fəaliyyət göstərən icra hakimiyyəti başçılarının bir hissəsi belə yeniliklərə hazır deyil, elələrinin yeni nəsil, texnokrat və şəffaf idarəetməyə meylli kadrlarla əvəzlənməsi gündəmdədir. Əks halda yerli icra hakimiyəti orqanları bir institut kimi tamamilə dəstəyini itirəcək.
Onların yerini isə sürətlə təşkilatlanmağa və güclənməyə başlayan bələdiyyələr tutacaq.