"Sosial sahədə ciddi islahatlar aparılır".
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, sosial sahədə ciddi islahatlar aparılır: "Nazirliyin yeni rəhbərliyinə mənim tərəfindən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik".