Prezident İlham Əliyev cümə axşamı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunub.
"Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük", - o deyib.
Prezident tövsiyyə edib ki, "sahibkarlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq".İlham Əliyev qeyd edib ki, yanğın zamanı sahibkarlara ciddi ziyan dəyib.
Sahibkarların problemləri ilə bağlı tədbirlər görüldüyünü qeyd edən İlham Əliyev deyib ki, "İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir", president.az yazır.
İlham Əliyev "operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini" vurğulayıb.
Cənab Əliyev bildirib ki, "bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir".
İlham Əliyev həmçinin yanğınla bağlı komissiya yaradılması haqda sərəncam verib.