İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Mingəçevir Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC gələn ilin mart-aprel aylarından etibarən istehsal gücünü artırmağı planlaşdırır.
Hökumətdən tekstil biznesi üçün mühüm qərar - SİYAHI
FED.az xəbər verir ki, bunu “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov deyib.
Onun sözlərinə görə, artıq istehsal gücünün artırılması üçün tələb olunan avadanlıqların bir hissəsi quraşdırılıb. Qalan avadanlıqlar da ölkəyə gətirilmək üzrədir.
MMC istehsal gücünü əsas iki müəssisəsinin - iplik istehsalı ilə məşğul olan “Ring Spining” və “OpenEnd” fabriklərinin hesabına artıracaq. Hazırda bu fabriklərin illik istehsal gücü 1200 tondur. Gələn il fabriklərin illik istehsal güclərinin 1400 tona çatdırılması nəzərdə tutulur. MMC istehsalı artırmaqla 8-12 yeni daimi iş yeri də yaradacaq.
Qeyd edək ki, “Mingəçevir Tekstil” MMC-nin “Ring Spining” və “OpenEnd” fabriklərində Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında iplik istehsal edilir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)