“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirir.
FED.az xəbər verir ki, bu istiqamətdə görülmüş işlər nəticəsində QSC-də bütün fəaliyyət dövründə təhlükəsiz iş saatlarının sayı 5 milyon saatı ötüb.
Qeyd edək ki, Səhmdar Cəmiyyət tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.