2025-ci ilin göstəricilərinə əsasən, xarici ölkələrdən Azərbaycana köçürülən vəsaitlərin həcmində azalma dinamikası müşahidə olunan ölkələr də məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi ölkələrdən pul axınında geriləmə qeydə alınıb.
Siyahıya Avstriya başçılıq edir. Bu ölkədən köçürmələr ötən il 12 milyon 414 min dollar olduğu halda, bu il 7 milyon 504 min dollara enib. Nəticədə 39,6% və ya 4 milyon 910 min dollar azalma qeydə alınıb.
İkinci yerdə Belarus qərarlaşıb. Buradan daxil olan vəsait ötən il 3 milyon 915 min dollar idisə, bu il 3 milyon 269 min dollara düşüb. Bu da 16,5% və ya 646 min dollar azalma deməkdir.
İsrail üzrə daxilolmalar 10 milyon 846 min dollardan 9 milyon 71 min dollara enərək üçüncü sırada yer alıb. Burada 16,4% və ya 1 milyon 775 min dollar azalma olub. Rusiya Federasiyasından daxilolmalarda isə rəqəm 410 milyon 718 min dollardan 343 milyon 888 min dollara düşüb. Yəni, 16,3% və ya 66 milyon 830 min dollar azalma baş verib.
Digər ölkələr üzrə azalma göstəriciləri aşağıdakı kimidir:
Sinqapurdan köçürmələr ötən il 3 milyon 9 min dollar olduğu halda, bu il 2 milyon 622 min dollara enib. Nəticədə 12,9% və ya 387 min dollar azalma qeydə alınıb. Almaniyadan daxil olan vəsait 18 milyon 625 min dollardan 17 milyon 303 min dollara düşüb ki, bu da 7,1% və ya 1 milyon 322 min dollar azalma deməkdir.
Siyahını İsveçrə tamamlayır. Buradan daxilolmalar 7 milyon 915 min dollardan 7 milyon 716 min dollara enib. Bu isə 2,5% və ya 199 min dollar azalma deməkdir









