“Bank Avrasiya” ASC 2019-cu ilin 1-ci yarısını 2 milyon 634 min manat xalis mənfəət ilə başa vurub. FED.az xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 milyon 12 min manat və ya 43,3% azdır. Belə ki, Bank 2018-ci ilin 1-ci yarısını 4 milyon 645 min manat xalis mənfəət ilə bağlamışdı.
“Bank Avrasiya”nın xalis mənfəətinin düşməsinin səbəbləri faiz gəlirlərinin azalması, xərclərinin artması və ehtimal olunan kredit və depozit itkiləri üzrə ehtiyata ayırma nəzərdə tutulmasıdır.
GƏLİR AZALIB, XƏRC ARTIB
Bankın yarımillik maliyyə hesabatına görə, 2018-ci ilin ilk 6 ayı ilə müqayisədə 2019-cu ilin ilk 6 ayında “Bank Avrasiya”nın faiz gəlirləri 313 min manat və ya 5,5% azalaraq 5 milyon 731 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 161 min manat və ya 25,5% artaraq 793 min manat təşkil edib.
Ötən ilin birinci yarısında cəmi gəlirlər 6 milyon 676 min manat ikən, cari ilin eyni dövründə 6 milyon 524 min manat təşkil edib (152 min manat azalıb).
Ötən ilin birinci yarısında cəmi xərclər 3 milyon 592 min manat ikən, bu ilin birinci yarısında 3 milyon 634 min manat təşkil edib (42 min manat artıb).
Cəmi gəlirlərin 152 min manat azalması, eyni zamanda cəmi xərclərin 42 min manat artması “Bank Avrasiya”nın əməliyyat mənfəətinin 194 min manat azalaraq 3 milyon 83 min manatdan 2 milyon 890 min manata geriləməsinə səbəb olub.
Ötən ilin birinci yarısında “Bank Avrasiya”nın 3 milyon 83 min manat əməliyyat mənfəəti ilə bərabər, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 1 milyon 560 min manat mənfəətə əlavə edilmişdi. Nəticədə Bankın xalis mənfəəti 4 milyon 645 min manata yüksəlmişdi.
2019-cu ilin birinci yarısında isə 2 milyon 890 min manat mənfəətin 265 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata yönəldilib. Bu səbəbdən də mənfəət azalaraq 2 milyon 634 min manata düşüb.
BANK BÖYÜYÜB
30 İyun 2019-cu il tarixində “Bank Avrasiya” ASC 195 milyon 897 min manat cəmi aktivlərə malik olub, bu, ötən ilin eyni tarixi ilə müqayisədə 26 milyon 453 min manat və ya 15,6% çoxdur. 2018-ci ilin sonu ilə müqayisədə isə Bankın aktivləri 28 milyon 260 min manat və ya 16,8% artıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB
“Bank Avrasiya”nın müştərilərə verdiyi kreditlər ötən ilin birinci yarısının sonu ilə müqayisədə 1 milyon 511 min manat, 2018-ci ilin sonu ilə müqayisədə isə 9 milyon 589 min manat azalaraq 89 milyon 316 min manata düşüb. Ötən ilin sonunda Bankın müştərilərə verdiyi kreditlər 99 milyon 5 min manata çatmışdı.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYALARI ARTIRIB
“Bank Avrasiya” ötən ilin sonu ilə müqayisədə qiymətli kağızlara investisiyasını 15 milyon 138 min manat və ya 50% artıraraq 45 milyon 324 min manata qaldırıb.
Ehtimal ki, müştərilərə verilən kreditlərin geriləməsi və qiymətli kağızlar üzrə gəlirliliyin azalması “Bank Avrasiya”nın gəlirlərinin düşməsinə səbəb olub. Həmçinin, qiymətli kağızlara artırılan investisiyanın faydası Bankın gəlirlərində növbəti hesabat dövrlərində əks olunacaqdır.
MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ AZALIB, MALİYYƏ SEKTORUNA BORCU ARTIB
Müqayisə olunan dövrdə müştərilərin cari hesabları 24 milyon 809 min manatdan 27 milyon 316 min manata yüksəlib, müştərilərin depozitləri isə 32 milyon 814 min manatdan 22 milyon 901 min manata düşüb. Maliyyə sektoruna ödəniləcək vəsaitlər isə 30 İyun 2018-ci il tarixində 46 milyon 953 min manat ikən, 30 İyun 2019-cu il tarixində 77 milyon 692 min manata yüksəlib.
CƏMİ BALANS KAPİTALI ARTIB
Bu il İyunun sonunda “Bank Avrasiya” 129 milyon 161 min manat cəmi öhdəliklərə və 66 milyon 735 min manat cəmi kapitala malik olub. Bank ötən il İyunun sonunda 105 milyon 763 min manat cəmi öhdəliklərə və 63 milyon 681 min manat cəmi kapitala malik idi.
30 İyun 2019-cu il tarixində “Bank Avrasiya” 66 milyon 289 min manat məcmu kapitala malik olub.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.