Türkiyə ilə Rusiya arasında ilk ixrac yük qatarı mənzil başına çatıb.
Eləcə də bax: Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya - İlk Qatar Yola Düşdü
FED.az xəbər verir ki, yanvarın 29-da Ankaradan yola düşən qatar Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Kaluqa vilayətinə çatıb.
15 konteynerdən ibarət qatar Kaluqa vilayətinin Vorsino stansiyasına çatıb. Bu məqsədlə Türkiyə ilə Rusiya arasında ilk ixrac yük qatarının qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edən Türkiyənin Rusiyadakı səfiri Məhmət Samsar iki ölkə arasındakı münasibətlərin önəmli hissəsinin iqtisadi əlaqələrin təşkil etdiyinə diqqəti çəkərək bütün sahələrdə münasibətlərin daha da dərinləşməkdə olduğunu bildirib: “Prezidentlər Rəcəb Tayyip Ərdoğan və Vladimri Putinin iki ölkə arasında ticarət dövriyyəsinin 100 mlrd. dolları hədəfləməsi istiqamətində işlər davam etdirlir. BTQ dəmir yolu əslində “İpək yolu”nun da önəmli bir hissəsidir. Bu anlaşma çərçivəsində həyata keçirilən ilk ixrac qatarını qarşılamaqdan məmnunuq”.
Türkiyəli diplomat ilk ixracat yük qatarının təkcə iqtisadiyyat sahəsində deyil, eyni zamanda türk və rus xalqları arasında bir dostluq körpüsü olacağını da vurğulayıb.
Mərasimdə iştirak edən “Rusiya Dəmir Yolları”nın baş direktorunun birinci müavini Sergey Pavlov çıxışında Rusiya ilə Türkiyə arasında ilk ixrac yük qatarının ikitərəfli ticarətə mühüm töhfələr verəcəyini söyləyib.
Qeyd edək ki, Türkiyədən BTQ marşrutu ilə Rusiyaya gedən ilk yük qatarı ümumilikdə 4 650 kilometrlik yolu 8 günə qət edib. 40 futluq konteynerlərdən ibarət olan qatarın yükü əsasən Türkiyə istehsalı olan məişət əşyaları olub.
Qatar BTQ və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olub.
Daşımanın operatorları “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və “Russian Railways Logistics” (Rusiya) şirkətləridir. (Apa)