Beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən «BOLT» şirkəti Azərbaycanda haqsız rəqabət inhisarçılıq cəhdlərinə görə böyük məbləğdə cərimə edilib.
«Bolt» şirkəti Bakıda taksi qiymətlərinin artımı ilə bağlı – MƏLUMAT YAYDI
FED.az xatırladır ki, «Bolt» hazırda Azərbaycanın taksi xidmətləri bazarında ən böyük oyunçulardan və bazarda təmsil olunan 3 beynəlxalq iştirakçıdan («Uber» və «Yango» ilə yanaşı) biridir. Yerli şirkətlərdən isə bazarda «189 taksi» təmsil olunur.
Paralel olaraq bu şirkətlər yemək çatdırılma bazarında da təmsil olunurlar.
Məhz «189 taksi»yə məxsus olan «Delivery Azerbaijan» MMC çatdırma şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək «Bolt Services AZ» MMC barədə şikayət edib.
FED.az-ın məlumatına görə, şikayətdə bildirilib ki, «Bolt Services AZ» MMC qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verir.
Aparılan araşdırma iddianın doğru olduğunu təsdiqləyib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı məlum olub ki, “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərir və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozub.
Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.
Xidmətdən FED.az-a bildirilib ki, araşdırma nəticəsində “Bolt Services AZ” MMC-yə 113 min manat maliyyə sanksiyası tətbiq edilib.