«Bolt» taksi xidməti şirkəti bu gün Bakıda bu şirkətin sistemindən istifadə edən taksilərdə gediş haqqının artımı barədə məlumat yayıb.
Qarlı havaya görə "Bolt" və "Uber" qiymətləri - KƏSKİN ARTIRIB
FED.az xəbər verir ki, şirkətdən FED.az-a verilən məlumata görə, taksi xidmətləri bazarında qiymətlər bir neçə amildən asılı olaraq dəyişir.
Xatırladaq ki, bu gün Bakıda və respublikanın digər bölgələrində havanın kəskin dəyişməsivə qar yağması nəticəsində paytaxtda beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber"lə əməkdaşlıq edən taksilər gediş haqqını 60%-dən 3 dəfəyə qədər artırıblar. Belə ki, səhər saatlarında şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt"da qiymətlər 2 manata kimi artıb və sair.
Paytaxtda fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta ənənəvi hallarda 3-5 manatlıq məsafə üçün qiymətlərin 20-30 manata yüksəldiyi hallar da müşahidə edilib.
Baş verənlərlə bağlı «Bolt» şirkətinin Azərbaycandakı xidmətinin rəhbəri Naim Əzizov FED.az-a bildirib ki, taksi xidmətləri bazarı dinamik qiymət prinsipi əsasında fəaliyyət göstərir (yəni sabit deyil və vəziyyətdən asılı olaraq dəyişə bilir – FED.az), ona görə də tələb və təklif arasında balanssızlıq olduqda, pik əmsallardan istifadə edərək, ride-hailing xidmət alqoritmləri onu balanslaşdırır.
«Bu o deməkdir ki, tələbin (sifarişçilərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərin sayını) üstələdiyi bir şəraitdə səfərin yekun dəyəri də arta bilər. Vaxt keçdikcə tələb və təklif balansı bərpa edildikdə, qiymət avtomatik olaraq azalacaq»-deyə N.Əzizov bildirib.
Şirkət təmsilçisinin sözlərinə görə, taksidə gedişin dəyəri aşağıdakı amillər əsasında formalaşır: baza tarifi (avtomobilin qəbul məntəqəsinə gəlişinin dəyəri), gedişə sərf olunan vaxt üçün gediş haqqı, yürüş və dinamik əmsallar və sair. Qiymətlərə balanssızlıq şəraitində tələb və təklif arasındakı vəziyyət də təsirini göstərir.
«Sürücü səyahətin təxmini dəyərini görə bilər. Amma son qiymət fərqli ola bilər, bu da avtomobilin marşrutda pis hava şəraiti, yol işləri, tıxaclar və s. ucbatından gecikməsi ilə bağlı ola bilər. Və ya, məsələn, istifadəçi alternativ marşrut təklif edib və ya səfər zamanı təyinat yerini dəyişib. Ümumiyyətlə, hər hansı səfərin yekun dəyəri düsturla müəyyən edilir: (baza dəyəri (“təchizat”) + məsafəyə görə xərc + səyahət vaxtına görə xərc) X faktoru»-deyə şirkət təmsilsisi bildirib.
N.Əzizov bildirir ki, Bolt müştərilərin xidmətdən razı qalması üçün hər şeyi edir. «Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün sürücülərə hər hansı insidentləri qeyd etməyə imkan verən proqram vasitəsilə müştəri dəstəyimizə müraciət etməyi tövsiyə edirik»-deyə bildirilir.