Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, yeniliyə əsasən, məcəlləyə yeni maddələr və cərimələr əlavə edilib. Belə ki, «Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi» maddəsinə (maddə 276-1) görə,
Təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə -
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Eləcə də bax: Azərbaycanda bir sıra xidmətlər üçün yeni dövlət rüsumları təklif olunur - SİYAHI
Digər maddə Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına aiddir (maddə 457-1).
Həmin maddəyə görə,
1. Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni:
1.1. əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına;
1.2. fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə;
1.3. radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə;
1.4. qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə -
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
2. Bu Məcəllənin 457-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”.