Əvvəllər istədiyi məhsulu elektron ticarətlə əldə etməyə daha çox səy göstərən vətəndaş indi qiymətdə udmaq üçün daha çox xaricdə tanış tapır. Beləliklə, hesabdan-hesaba pul köçürmə yolu ilə alış-veriş edənlər artıb.
FED.az xəbər verir ki, hesabdan-hesaba pul köçürmələri zamanı həmin vəsaitdən vergi tutulur.
Hansı halda nə qədər vergi tutulur və bu vergi rüsumları 18%-lik ƏDV ilə müqayisədə nə qədər sərfəlidir, bunu araşdırdıq.
Maksimum nə qədər pul köçürmək olar?
Qeyd edək ki, pul köçürməsinin iki yolu var: təcili pulköçürmə sistemləri və hesabdan-hesaba köçürmə.
Hesabdan-hesaba pul köçürülməsi isə, əsasən, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemi ilə baş tutur. Bank bu əməliyyatı öz müxbir banklarının vasitəsilə həyata keçirir.
Pul köçürmələri üzrə limitlər isə “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” qaydalarla tənzimlənir.
Əgər pul köçürdüyünüz şəxs qohum - ata, ana, həyat yoldaşı, baba, nənə, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər deyilsə, gün ərzində təyin olunan limit 1000 USD və ya bu vəsaitin ekvivalentidir.
Yox, əgər qohumluğunuzu təsdiq edən sənədlər varsa, misal üçün, nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s. banka təqdim edərək, 1000 USD-dan çox pul göndərə bilərsiniz.
İstənilən halda, pul köçürməsi üçün bir aylıq limit 10 min dolları ötməməlidir.
Nə vaxt vergi tutulur, nə vaxt yox?
“Vergi Məcəlləsi”ndə son dəyişikliklərə görə, kartla xarici mərc oyunu, elektron pul kisəsi və onlayn xidmət saytlarında əməliyyatlarına görə vergi tutulur.
Xarici saytlarda plastik kartlarla aparılan aşağıdakı elektron əməliyyatlar üzrə tətbiq olunan vergilərin tutulmasının açıqlamasını nəzərinizə çatdırırıq:
1) Xarici saytlardan karta uduş məbləği daxil olduqda, daxil olmuş uduş məbləğinə 10% vergi hesablanır və kart hesabına əməliyyat məbləği - 10% məbləğdə pul köçürülür.
2) Xarici saytda elektron pul kisəsinin doldurulması zamanı əməliyyat anında 10% vergi hesablanır və kartın balansından əməliyyat məbləği + 10% məbləğ blok edilib silinir.
3) Xarici saytda iş və xidmətlərin alınması zamanı əməliyyat anında 18% vergi hesablanır və kartın balansından əməliyyat məbləği + 18% məbləğ blok edilib silinir.
4) Xarici oyun saytlarındə edilən pul qoyuluşlarına əməliyyat anında 18% vergi hesablanır və kartın balansından əməliyyat məbləği + 18% məbləğ blok edilib silinir.
5) İstisna: Aviabilet, hotel və hər hansı mal alışı ilə bağlı əməliyyatlara vergi tutulmur.
6) Xarici saytdan mal alışı zamanı məbləğ kartdan birbaşa ödənilirsə, vergi tutulmayacaq (ödəniş PayPal, Alipay və s. ödəniş sistemlərindən birbaşa keçdikdə).
Müştəri kartındakı balans aparacağı əməliyyatın həcminə və vergi tutulmasına imkan verməlidir, əks halda, ödəniş baş tutmayacaq.
Qeyd edək ki, əgər əməliyyat ləğv edilərsə (reversal edilərsə), əməliyyata görə tutulmuş vergi də hesaba geri qaytarılır.
Məqsəd nədir?
“Bank Respublika”ın departament direktoru Tural Səlimov bildirib ki, xaricdə yerləşən elektron pul kisəsinə ödəniş kartı, yaxud pul köçürməsi yolu ilə ödəniş edilərkən 10 faiz vergini məhz bank tutur. Verginin tutulma həcmini banklar əməliyyatın koduna əsasən müəyyən edir.
T.Səlimov bildirib ki, işlərin və xidmətlərin alıcısı, ölkə sərhədindən kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçota durmayan şəxs olduqda, ödənişi aparan bank vəsaitdən 18% ƏDV tutaraq büdcəyə ödəyir:
“Burada məqsəd ölkədən valyuta axınının məhdudlaşdırılması, xaricdən əldə edilən xidmətlərlə müqayisədə yerli xidmətlərə üstünlük verilməsi, onların inkişafı üçün stimul yaradılmasıdır”.