Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına xəbərdarlıq edərək indiyədək vergidən yayındırıqları vəsaitləri ödəməyə çağırıb. Nazirlikdən FED.az-a verilən məlumata görə, spirtli içki istehsalçıları və satıcıları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmalı, eləcə də qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməlidirlər.
Belə edənlərin cəzası yüngülləşəcək: «Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq»-deyə nazirliyin xəbərdarlığında deyilir.
Eyni zamanda, diqqətə çatdırılır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.