Növbəti faiz ödənişinə 10 gündən az müddət qalan SOCAR İstiqrazlarının qiyməti kəskin artıb
SOCAR İstiqrazlarının marketmeykeri “PSG Kapital” şirkətindən FED.az-a verilən məlumata görə, 8 oktyabr Bakı Fond Birjasının ticarət sistemində SOCAR İstiqrazları üzrə yerləşdirilmiş ən aşağı satış qiyməti 1030.10 dollardır.
"Bu istiqrazların indiyədək qeydə alınan ən yüksək satış qiymətidir",- şirkətin məlumatında deyilir.
Qiymətin kəskin artmasının səbəbi növbəti faiz ödənişinin yaxınlaşması və istiqrazlara olan tələbatın yüksəlməsidir.
SOCAR İstiqrazı almaq istəyən hüquqi və fiziki şəxslər hazırda onu sadəcə təkrar bazardan minimum 1030.10 dollara əldə edə bilərlər.
SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı SOCAR İstiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5%, faiz ödənişi hər 3 aydan birdir.
Qeyd olunan qiymətli kağızların indiyədək 7 dəfə faiz ödənişi gerçəkləşib. Növbəti faiz ödənişi isə 17 oktyabrda həyata keçiriləcək.
SOCAR İstiqrazları hal-hazırda da ölkədə ən çox alınıb-satılan qiymətli kağız titulunu qoruyur.
İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.
SOCAR İstiqrazları sahibləri istiqrazlarını girov qoyaraq, dollarda illik 5% gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imaknına da malikdirlər.
SOCAR İstiqrazlarını 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən əldə etmək olar.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.