2017-ci illə müqayisədə bu il Azərbaycanın qiymətli kağızlar bazarına xarici investorların marağı azalıb. Bunun əsas səbəblərindən biri illik gəlirlilik dərəcələrinin aşağı düşməsidir. Maliyyəçi-ekspert Cəfər İbrahimli FED.az-a bildirib ki, dövlət qiymətli kağızlarının gəlirliliyi 10 faizə yüksələrsə, xarici investorların təkrar marağını qazana bilərik.
C.İbrahimlinin sözlərinə görə, 2016-2017-ci illərdə dövlət qiymətli kağızlarının gəlirlilik faizi 14-15 faizə çatanda maraq yüksək idi: “Onda investisiya şirkətləri ilə danışıb vəsait yönəldirdilər. Hazırda dövlət qiymətli kağızlarının gəlirlilik dərəcəsi 8 faizə düşdüyünə görə maraq bir qədər azalıb. Düşünürəm ki, Azərbaycan xarici sərmayəni cəlb etmək üçün faiz dərəcələrini artırmalıdır”.
Ekspertə görə, hazırda dünya birjalarında ən böyük maraq Maliyyə Nazirliyinin istiqrazlarınadır. Daha sonra SOCAR Və Beynəlxalq Bankın qiymətli kağızlarında alıcılıq hiss edilir.
“Təbii olaraq, dövlət istiqrazlarına marağın olmasının səbəbi riskin sıfır dərəcədə olmasıdır. Bildiyiniz kimi, investisiya şirkətləri dövlətin vəziyyətini təhlil etdikdən sonra korporativ kağızlara yatırım edirlər. Azərbaycanın Maliyyə Nazirliyinin kağızlarına maraq göstərməklə, korparativ istiqrazlara da marağın yönələcəyini düşünürük. Azərbaycanda xarici borcların ödənilməsində ciddi təhlükə gözlənilmədiyinə görə qısa müddətli qiymətli kağızlara investisiya etmələrinə maraq yarada bilərik”-C.İbrahimli qeyd edib.
Ekspert əlavə edib ki, SOCAR kimi iri şirkətlərin borc maliyyə alətlərinə investisiya etmələri müsbət haldır. Lakin korporativ istiqrazlara xarici investorları cəlb etmək üçün qiymətli kağızların həcminin böyük olması əsas şərtlərdən biridir: “ İstiqrazların həcmi artdıqca şirkətlərdə şəffafllaşma və korporativləşmə standartları artır. Bu məlumatlar yerli və xarici mənbələr vasitəsilə dünya birjaların çıxır. O zaman xarici investorlar maraqlanmağa başlayır. Təbii ki, qiymətli kağızlarının həcminin böyük olmalıdır, investorlar 2-3 milyona deyil, daha böyük yatırımlara gedirlər”.
Qiymətli kağızlarımıza xaricilərin marağı azalıb
17:11
10 Okt 2018