Koronavirus pandemiyasının davam etməsi və onun nəticəsində neftin ucuzlaşması Dövlət Neft Fondunun aktiavlərinə də əhəmiyyyətli dərəcədə mənfi təsir göstərə bilər.
Eləcə də bax: Neft Fondu direktorlarının – ƏMƏK HAQLARI AÇIQLANDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2019-cu il üzrə fəaliyyyət hesabatında bildirilir.
Hesabatda xatırladılır ki, 2019-cu ilin sonlarından Çində başlayan yeni növ COVID-19 (koronavirus) xəstəliyi hökumət tərəfindən karantin rejiminin tətbiq edilməsi, bəzi layihələrin dayandırılması və bizneslərin bağlanması ilə nəticələnib. Dünya bazarlarında hökm sürən iqtisadi şərait Fondun fəaliyyətində də bir sıra çətinliklər yaradib: «Hal-hazırda xam neftin qiymətlərinə olan cari tələb dəyişkənliyi Fondun biznes məqsədlərini həyata keçirmək qabiliyyətinə təsir göstərir. Bu təsirlər COVID-19 pandemiyasının təsir etdiyi belə bazarlarda və xam neftin qiymətlərində ciddi qeyri-sabitlik fonunda özünü daha aydın biruzə verir. Xam neftin qiymətlərinin qeyri-sabit olması cari və növbəti maliyyə dövrlərində Fondun aktivlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər».
Pandemiya nəticəsində Neft Fondunun üzləşdiyi digər problem digər suveren fondlar kimi, Fondun birjada kotirovka olunan səhmlərdən ibarət olan investisiya portfelinin qısamüddətli qiymət dəyişkənliyindən yaranan müvəqqəti zərərə məruz qala bilməsidir: «Fondun investisiya siyasətində yuxarıda qeyd olunan risklərin azaldılması üçün nəzərdə tutulan bir neçə vacib mexanizmlər mövcuddur. Belə ki, Fondun investisiya portfelinin 70%-ə qədərini yüksək likvidli investisiyalar, o cümlədən borc öhdəlikləri və pul bazarları alətləri təşkil edir. Bundan əlavə, investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, ümumiyyətlə, bu aktivlər bazar dəyişkənliyi və qeyri-müəyyənlik dövründə daha etibarlı alətlər hesab olunurlar»-deyə hesabatda bildirilir.
Sənəddə qeyd edilir ki, Fond bazarın vəziyyətini yaxından izləyir və bazar vəziyyəti ilə bağlı öz mövqeyini qiymətləndirməkdə davam edir, amma qeyri-müəyyənlik qalır: «Sürətlə dəyişən bazar vəziyyətinə qarşı tək yumşaltma tədbiri kifayət etməyəcəyi halda, Fond diqqətlə hazırlanmış və ölçülmüş yanaşmasını davam etdirmək niyyətindədir. Pandemiyanın uzun müddət davam edəcəyi halda, Fondun əməliyyatlarına təsir göstərib-göstərməməsi hazırda məlum deyil».
Bununla yanaşı, Neft Fondu bildirir ki, pandemiya dövründə Fondun vəsaitləri kifayət qədərdir: «Fond maliyyə resurslarının pandemiya dövründə yetərli olacağını hesab edir. Rəhbərlik bu vəziyyəti düzəliş edilməsini tələb etməyən hesabat tarixindən sonrakı hadisə hesab edir. Rəhbərlik mövcud vəziyyətin potensial təsirini izləməyə davam edəcək və istənilən təsiri azaltmaq üçün bütün mümkün tədbirləri görəcəkdir».