Nağdlaşdırma vergisi qanunsuz çıxdı – MƏHKƏMƏ QƏRARI
10:03
23 Aprel 2018
Azərbaycanda 2017-ci ildən tətbiqinə başlanılan nağdlaşdırma vergisi qanunsuz elan edilib. FED.az xəbər verir ki, bu barədə qərar, hüquqşünas Əkrəm Həsənovun qaldırdığı iddia əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qəbul edilib. Xatırladaq ki, nağdlaşdırma vergisinə əsasən, vətəndaşların və iş adamlarının bankdan nağd çıxardıqları vəsaitlərin 1%-i bankın özünə ödənilirdi. Baxmayaraq ki, banklar bu vergi ilə yanaşı əlavə nağdlaşdarma komissiyaları da tətbiq edirdilər. Məsələ ilə bağlı qaldırılan iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb və hakim Şərafət Məmmədovanın qərarı ilə təmin edilib.
Əkrəm Həsənov yazır:
«1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədovanın qərarı ilə Vergilər Nazirliyinə qarşı iddiam təmin edilmişdir. Onu dərc edirəm. Qərara əsasən məndən tutulan 1%-lik nağdlaşdırma vergisi geri qaytarılmalıdır. Beləliklə, ölkədə 2017-ci ildən tətbiq edilən bu vergi qanunsuz hesab edilmişdir.
Xatırladıram ki, bu iddianı hələ 1 il əvvəl vermişdim. O zaman həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Müseyib Bayramov), həm də Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə onların qərarını ləğv etdikdən sonra işə yenidən baxıldı.
İşin mahiyyəti belədir. 2017-ci ildən Vergi Məcəlləsinə əsasən fərdi sahibkarların və hüquqi şəxslərin bank hesabından nağd pul çıxarmasına görə 1%-lik vergi ödənilməlidir. Bu verginin 6 arqument üzrə qanunsuz və absurd olması haqda dəfələrlə yazmışam.
Məhkəmə bütün 6 arqumentimi əsaslı hesab etmişdir. Belə ki:
1) bu vergi Konstitusiyanın 73-cü maddəsinə və Vergi Məcəlləsinin 12-13-cü maddələrinə əsasən müəyyən edilməmiş hesab olunmuşdur;
2) bu verginin ödəmə mənbəyində bank tərəfindən tutulması Vergi Məcəlləsinin X fəslinə və 5-ci maddəsinə zidd hesab olunmuşdur;
3) bu vergi Vergi Məcəlləsinin 3.1-ci maddəsində təsbit edilən ümumilik, bərabərlik və ədalətlilik prinsiplərinə zidd hesab olunmuşdur;
4) bu vergi Vergi Məcəlləsinin 3.6-cı maddəsinə zidd, yəni diskriminasiya xarakterli hesab olunmuşdur;
5) bu vergi Vergi Məcəlləsinin 3.5-ci maddəsinə zidd, yəni ikiqat vergitutma kimi qiymətləndirilmişdir;
6) bu vergi üzrə vergitutma obyektinin olmadığı müəyyən edilmişdir.
Eləcə də bax: Qara bazarda dollar rubla “meydan oxuyur” – QİYMƏT
Bu qərar bir neçə aspektdən böyük əhəmiyyət daşıyır:
1) Əvvəla, sırf praktiki cəhətdən bu, o deməkdir ki, qərar qüvvəyə minsə, nəinki məndən, ümumiyyətlə, bu 16 ay ərzində digər şəxslərdən də tutulmuş həmin vergi geri qaytarılmalıdır.
2) Hüquqi cəhətdən ölkə tarixində ilk dəfə birinci instansiya məhkəməsi qanundakı hüquq normasını (yəni sözügedən vergini təsbit edən Vergi Məcəlləsinin normasını) Konstitusiya Məhkəməsinə müraciət etmədən əhəmiyyətsiz (Konstitusiyaya və Vergi Məcəlləsinin digər müddəalarına zidd) hesab etmişdir.