Görülən tədbirlər nəticəsində Azərbaycan şirkətləri daha şəffaf işləməyə, dövriyyələrini göstərməyə başlayıblar. 2018-ci ilin 9 ayında qeyri-neft sektorunda dövriyyə 7,1 faiz artaraq 44 milyard manatı ötüb.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin oktyabrün 9-da keçirilən iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib.
Nazir əlavə edib ki, artım nazirliyin gördüyü tədbirlər nəticəsində baş verib. Nəticədə ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb.
“Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergiödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb”- M.Cabbarov bildirib.
Nazir qeyd edib ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması üçün işlər görülür: “ Xüsusi olaraq, Vahid Risk Platformasının tətbiqini qeyd etmək istərdim. Bu sahədə rastlaşdığımız əsas problemlərdən biri üçüncü şəxslər üçün malları idxal edən vergiödəyiciləri ilə bağlı idi. Düzdür, bəzi məsələlərin həllini hələlik başa çatdıra bilməmişik. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə edildi. Ümidvarıq ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə bu işləri cari ilin sonuna qədər yekunlaşdıra biləcəyik. Hesab edirik ki, həyata keçirilən tədbirlərin çox müsbət fiskal nəticələri olacaq”.
Nazir deyib ki, avqustun 1-dən aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirmək üçün ən iri 30 istehsalçıda aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb.
Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb.
Nazir bildirib ki, aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəli ilə müqayisədə 19 faizdən 3 faizə enib. İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur.
Xaricdən qanunsuz gətirilən tütün məhsullarının müsadirə edilib satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb.
“2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur”-M.Cabbarov vurğulayıb.