Qiymətləndirmələrə görə, 2025-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.
2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5.5 mlrd. dollar proqnozlaşdırılır
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Qeyd edilib ki. baza ssenari üzrə proqnozlara görə (neftin qiyməti 1 barelə görə 79,2 ABŞ dolları, qazın qiyməti min kub metrə görə 340 ABŞ dolları), 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5,5 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 7,2%-i səviyyəsində gözlənilir. Bu dövrdə də geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.
2025-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın 2024-cü ilin oktyabr proqnozlarına görə, 2025-ci ildə real iqtisadi artım tempinin 3,3%, o cümlədən qeyri-neft sektoru üzrə 5,1% olacağı gözlənilir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.