Bakı Nəqliyyat Agentliyi ay yarım ərzində dayanma-durma qaydasının pozulması ilə bağlı 53 min protokol yazıb. FED.az xəbər verir ki, bunu agentliyin rəhbəri Vüsal Kərimli hesabat konfransında açıqlayıb.
Hər bir protokola görə sürücüyə 20 manat cərimə yazılır. Belə ki, bu müddət ərzində 1 milyon manatdan çox məbləğdə cərimə yazılıb. Bəs bu pulların taleyi necə olacaq? Dövlət büdcəsinə köçürüləcək, yoxsa agentliyin saxlanmasına sərf olunacaq?
BNA-nın sözçüsü Mais Ağayev bu sualı cavablandırmasa da, agentliyin saytında yerləşdirilən nizamnamədə bu məsələyə aydınləq gətirilib.
Belə ki, Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 6-cı bəndinin 2-ci bölməsində qeyd olunur ki, “Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır”.
Həmçinin, həmin bəndin 5-ci bölməsinə görə, BNA fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlərlə bağlı müstəqil sərəncam vermək hüququna malikdir.
Yəni, qanunsuz parklanmadan əldə olunan gəlir dövlət büdcəsinə yönləndirilmir, həmin pulların hara xərclənməsinə BNA özü qərar verir.