Maliyyə Nazirliyi vahid büdcə təsnifatında edilən dəyişikliklərlə bağlı sualları cavablandırıb.
Bu barədə nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayıs Piriyev məlumat yayıb. O qeyd edib ki,Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına müvafiq olaraq vahid büdcə təsnifatda dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub:
“Vahid büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.
Vahid büdcə təsnifatında edilən dəyişikliyə müvafiq olaraq büdcə gəlirlərinin təsnifatında büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmaları daha geniş və əhatəli təsnifləşdirilib, təsnifat kodlarına müvafiq əlavələr edilib.
Təsnifatda dəyişikliklər edilərkən beynəlxalq təşkilatların təklifləri də nəzərə alınıb.
Dövlət və icmal büdcələrinin strukturunda edilən əlavə və yeniliklərə (büdcə qaydasının tətbiqi, “Sosial sığorta haqqında” Azərbaycan Respulikası Qanunundan irəli gələn məsələlər və s.) müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı 14-dən 12-yə azaldılıb, təsnifatın bəzi xərc bölmələri genişləndirilib, bir sıra köməkçi bölmələrin strukturu dəyişdirilib.
Büdcə xərclərinin iqtisadi təsnifatı yenidən işlənilərək bölmələrin sayı 11-dən 10-a azaldılıb.
“Büdcə sistemi haqqında” qanunun tələblərinə müvafiq olaraq 2020-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin bu təsnifata uyğun tərtib edilməsi məqsədilə onun tətbiqinə 2019-cu ildən başlanılacaq.
Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün seminar müşavirə və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, vahid büdcə təsnifatının elektron və kağız daşıyıcılarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə orqanlarına göndərilməsi təmin ediləcək”.