“Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.
FED.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.
ELƏCƏ DƏ BAX: Daha az kredit veriblər – RƏQƏMLƏR
Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması
QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.7-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması qaydasını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. büdcə təşkilatlarının sektor strateji planları (bundan sonra - strateji plan) – büdcə təşkilatlarının (bundan sonra - təşkilat) Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi tədbirlərini, o cümlədən maliyyələşmə mənbələrini nəzərdə tutan sənəd;
2.1.2. ortamüddətli dövr – növbəti il və sonrakı üç il;
2.1.3. “GZİT” təhlili – güclü tərəflər, zəif tərəflər, imkanlar və təhdidləri özündə ehtiva edən təhlil aləti;
2.1.4. tədbir – strateji planda müəyyən edilmiş hədəf və məqsədlərə nail olunmasına istiqamətləndirilmiş bir-biri ilə əlaqəli işlərin məcmusu.
3. Strateji planın strukturu
3.1. Strateji planın hazırlanması üçün müəyyən edilən minimal struktur:
3.1.1. missiya hesabatı - büdcə təşkilatının əsas məqsəd və fəaliyyətinin hədəflərini müəyyən edən qısa bəyanatdır. Missiyada təşkilatın fəaliyyətindən irəli gələn əsas funksiyası təsvir edilir və təşkilatın nə iş gördüyü xarakterizə edilir;
3.1.2. strateji baxış - büdcə təşkilatının gələcək mövqeyi ilə əlaqədar arzusunu və təşkilatın missiyasına uyğun olaraq gələcək fəaliyyət və inkişafını müəyyən edir;
3.1.3. strateji istiqamətlər - təşkilat qarşısında qoyulan məqsədlərə və hədəflərə nail olmaq üçün müvafiq sahənin inkişafının təmin edilməsi üzrə əsas prioritet istiqamətləri müəyyən edir;
3.1.4. strateji məqsəd və hədəflər - strateji baxışda qoyulmuş əsas strateji istiqamətlərə nail olunması üçün əsas məqsəd və hədəflər müəyyən edir;
3.1.5. strateji göstəricilər - təşkilatın əsas məqsəd və hədəflərindən asılı olaraq, fəaliyyət və inkişafını ölçən göstəricilər müəyyən edir;
3.1.6. fəaliyyət planları - müəyyən edilmiş əsas strateji məqsəd və hədəflər üzrə ortamüddətli dövr ərzində görüləcək tədbirlər, onların icrasının həyata keçirilməsi üçün tələb edilən xərclər və əldə ediləcək nəticələrin əks olunduğu plan.
4. Strateji planın hazırlanması
4.1. Ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınmaqla strateji təhlil aparılır. Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilə bilər.
Strateji təhlil nəticəsində mövcud və yaxın gələcəkdə sektor qarşısında yarana biləcək məsələlər müəyyən edilir və təhlilin nəticələri göstərilir.
Strateji planla müəyyən edilmiş tədbirlər müvafiq sahənin inkişafının təmin edilməsi məqsədi ilə qəbul edilmiş strateji sənədlərdə (konsepsiya, strateji yol xəritələri, dövlət proqramları və s.) nəzərdə tutulmuş məqsəd və hədəflərə uyğun olmalıdır.
Təşkilatın gələcək məqsəd və hədəflərinin, həmçinin bu hədəflərin əldə edilməsi üçün həyata keçiriləcək tədbirlərin (və ya tədbirlər planlarının) və müvəffəq olma ölçülərinin müəyyən edilməsi üçün strateji təhlil əsas alətdir. Bu bölmədə həmçinin büdcə təşkilatının ortamüddətli hədəflərinə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklərin də ətraflı təhlili aparılır.
4.2. Strateji təhlildə “GZİT” alətindən də istifadə edilə bilər. Bu zaman daxili və xarici amillər nəzərə alınır. Güclü və zəif tərəflərin təhlili sektorun inkişafına təsir edən daxili amillərin (resurs potensialının) təhlilinə xidmət edir. İmkanlar və təhdidlər isə xarici amillərin (ətraf mühitin) təhlilinə aiddir:
4.2.1. daxili resurs potensialı bir neçə amildən ibarətdir. Bunlar fiziki resurslar, maliyyə resursları, insan resursları, inzibati sistem (işin təşkili və idarəetmə sistemi) və qeyri-maddi aktivlərdir;
4.2.2. xarici amillərə adətən makroiqtisadi məsələlər, texnoloji dəyişikliklər, qanunvericilik dəyişiklikləri və digər məsələlər aiddir.
Strateji məqsədlər nəzərə alınmaqla aparılan təhlillər əsasında müvafiq sahənin inkişafının təmin edilməsi üzrə strateji istiqamətlər və qarşıya qoyulan məqsəd və hədəflərə çatma dərəcəsinin müəyyən edilməsi üçün əsas hədəf göstəriciləri müəyyən edilir.
4.3. sektor strateji planının hazırlanmasının növbəti mərhələsində fəaliyyət planı tərtib edilir. Fəaliyyət planlarının əsas elementlərinə ortamüddətli dövrdə sektorun inkişafı və bu sahədə idarəetmənin mövcud vəziyyəti aid edilir. Fəaliyyət planının hazırlanmasının məqsədi sektor üzrə strateji məqsədlərə çatmaqdan və bu sahədə göstəricilərin yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə çatmaq üçün məhsullar, xidmətlər, maliyyələşdirilmə, məsləhətləşmələr, aktivlərin təminatı və tənzimlənməsi istiqamətində mövcud insan kapitalı və digər resurslarla müvafiq tədbirlərin görülməsi təmin edilməlidir.
Ortamüddətli dövr üzrə fəaliyyət planlarında sektor üzrə növbəti illər ərzində qarşıya qoyulmuş hədəf və göstəricilər, bu hədəflərə uyğun müəyyən edilmiş tədbirlər, icra müddətləri, icrasına məsul şəxslər barədə məlumatlar öz əksini tapır. Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasının zəruriliyi əsaslandırılır.
Sektor strateji planın hazırlanmasına cavabdeh olan təşkilat tərəfindən növbəti il üzrə dəqiqləşdirilmiş və sonrakı üç il ərzində nəzərdə tutulan tədbirlər (o cümlədən, icrasına maliyyə vəsaiti tələb edilməyən tədbirlər) əsasında ortamüddətli dövrə xərclər və maliyyələşdirilmə mənbələri müəyyən edilir.
4.4. Tələb olunan maliyyə vəsaitinin müəyyən edilməsi. Fəaliyyət planı çərçivəsində müəyyən edilmiş tədbirlərin icrasının həyata keçirilməsi üçün tələb edilən xərclər (insan kapitalı, maliyyə və maddi resurslar) hər bir tədbir üzrə ayrıca sətirdə göstərilməklə, fəaliyyət planı üzrə maliyyə hesablamaları bu Qaydanın əlavəsinə uyğun olaraq aparılır və strateji plana əlavə edilir.
Fəaliyyət planlarında müəyyən edilmiş tədbirlərin icrasının təmin edilməsi üçün təşkilat tərəfindən məsul şəxs təyin edilir.
Hazırlanmış sektor strateji planlarının təsdiqi və onda dəyişikliklərin edilməsi sektorun inkişafına məsul olan təşkilat tərəfindən həyata keçirilir.
Büdcə təşkilatları bu Qaydaya uyğun olaraq sektor strateji planlarını mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
5. Strateji planın icrasının qiymətləndirilməsi
5.1. Sektor strateji planlarının həyata keçirilməsini qiymətləndirmək üçün aşağıda göstərilən “Monitorinq və hesabatlılıq” və “Fəaliyyətin ölçülməsi və qiymətləndirmə”dən istifadə edilir:
5.1.1. monitorinq və hesabatlılıq. Monitorinq və hesabatlılığın əsas məqsədi problemləri aşkar etməkdən və strategiyanın həyata keçirilməsi zamanı onların həlli üçün tövsiyələr verməkdən ibarətdir;
5.1.2. fəaliyyətin ölçülməsi və qiymətləndirmə. Məqsəd, hədəf və göstəricilərə çatma səviyyəsinin müəyyənləşdirilməsi üçün fəaliyyətin ölçülməsi və qiymətləndirilməsi sektor strateji planının hazırlanmasının sonuncu elementlərini təşkil edir.
5.2. Sektor strateji planlarında nəzərdə tutulmuş məqsədlərə nail olunmasına nəzarət etmək üçün fəaliyyət planında müəyyən edilmiş ölçülə bilən hədəf göstəricilər, meyarlar nəzərə alınmaqla fəaliyyətin və inkişafın ölçülməsi, habelə qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə əsasən təklif və tövsiyələr hazırlanaraq, büdcə təşkilatının rəhbərinə və aidiyyəti şəxslərə təqdim edilir.
Sektor üzrə strateji hədəf və göstəricilərin, fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi daxili imkanlar hesabına (büdcə təşkilatının rəhbərinə birbaşa hesabat verən struktur bölmə və ya vəzifəli şəxs), bu imkanlar olmadıqda və ya qane etmədikdə, əsaslandırılmaqla müstəqil qiymətləndiricilər tərəfindən aparılır.
“Azərbaycan Respublikasında büdcə təşkilatlarının
sektor strateji planlarının hazırlanması Qaydası”na
əlavə
Büdcə təşkilatlarının qısa və ortamüddətli dövrdə prioritet istiqamətlər
üzrə həyata keçirəcəkləri tədbirlərə dair məlumat
Sıra№-si |
Tədbirin adı |
Tədbirin həyata keçirilməsin-də məqsəd |
Gözlənilən nəticələr |
İcra müd-dəti |
20 __ il |
20 __ il |
20 __ il |
20 __ il |
||||||||
xərc |
maliyyələş-mə mənbəyi |
xərc |
maliyyələş-mə mənbəyi |
xərc |
maliyyələş-mə mənbəyi |
xərc |
maliyyələş-mə mənbəyi |
|||||||||
DB |
digər |
DB |
digər |
DB |
digər |
DB |
digər |
|||||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
15 |
16 |
17 |
(istiqamət/sahə) |
||||||||||||||||
1.1. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Cəmi |
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeydlər:
- Nəzərdə tutulan tədbirlərlə bağlı hər bir xərc istiqaməti üzrə hesablamalar, arayışlar və təsdiqedici sənədlər əlavə olunmalıdır.
- Cədvəldə göstərilən tədbirlər təşkilatın strateji məqsəd və hədəflərinə əsaslanmaqla, onların aid olduğu istiqamətlər və (və ya) sahələr üzrə qruplaşdırılır.
- Cədvəlin 1-ci sütununda həyata keçiriləcək tədbirin nömrəsi göstərilir. Tədbirin nömrəsinin ilk rəqəmi onun daxil olduğu qrupun nömrəsini təkrarlayır.
- 2-ci sütunda tədbirin tam adı göstərilir.
- 3-cü sütunda tədbirin məqsədi göstərilir. Tədbirin məqsədi təşkilatın strateji planında müəyyən edilmiş əsas hədəf və məqsədlərlə əlaqələndirilməlidir.
- 4-cü sütunda tədbirin həyata keçirilməsi nəticəsində əldə ediləcək sosial-iqtisadi effektlə bağlı məlumat verilir. Gözlənilən nəticələr ölçülə bilən meyarlarla xarakterizə edilməli, cari vəziyyətlə müqayisədə əldə ediləcək təkmilləşdirmə, həmçinin hədəf göstəriciləri qeyd edilməlidir. Tədbirin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulduqda, hər mərhələnin sonunda əldə ediləcək nəticələr göstərilməlidir.
- 5-ci sütunda tədbirin icra müddəti göstərilir.
- Tədbirlərin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinin məbləğinə dair məlumatlar 6-cı, 9-cu, 12-ci və 15-ci sütunlara daxil edilir. Bu məlumatlar sektor strateji planının əhatə etdiyi illər üzrə bölüşdürülür. Mərhələlərlə həyata keçiriləcək tədbirin hər mərhələsi üzrə tələb edilən maliyyə vəsaiti ayrıca göstərilməlidir.
- 7-ci, 8-ci, 10-cu, 11-ci, 13-cü, 14-cü, 16-cı və 17-ci sütunlarda planlaşdırılan tədbirlərin maliyyələşmə mənbəyi haqqında məlumat verilir. Tədbirin dövlət büdcəsindən, maliyyələşməsi nəzərdə tutulan hissəsi “DB” sütununda, digər mənbələr üzrə maliyyələşməsi nəzərdə tutulan hissəsi isə “digər” sütununda qeyd edilir. Tədbirin dövlət büdcəsindən həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsindən kənar mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulduqda, həmin mənbələrin mövcudluğu müvafiq sənədlərlə təsdiq edilməlidir.