2018-ci ilin doqquz ayında Biləsuvarda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 234 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.
FED.az xəbər verir ki, bu faktları cari ilin üçüncü rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Bildirilib ki, rayonda tikinti, abadlıq-quruculuq işləri ilin doqquz ayında da davam etdirilib. Biləsuvar şəhərində inşa olunan Bayraq Muzeyi, Gənclər Mərkəzi, 20,5 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 15,4 kilometr olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisi başa çatıb və dövlətimizin başçısının bu il sentyabrın 18-də rayona səfəri zamanı istifadəyə verilib. Həmçinin Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının tikintisi yekunlaşıb.
Ötən dövrdə rayonda əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı istiqamətində işlər davam etdirilib, 450 ədəd yeni beton və metal dayaqlar quraşdırılıb, 29,9 kilometr SİP kabel çəkilib, 3 ədəd müxtəlif kilovatlıq elektrik transformatoru qoyulub, rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin olunub.
Qeyd edilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Bu yolda hərəkət zolağı genişləndirilib və ikiqat asfalt-beton örtük qoyulmaqla əsaslı təmir işləri aparılır. Bundan əlavə, 48 mənzilli yaşayış binasının və 1176 yerlik məktəb binasının inşa olunacağı ərazidə tikintinin başlanması üçün hazırlıq işləri görülüb.
Yığıncaqda aqrar sahənin kompleks inkişafından da danışılıb. Bildirilib ki, Biləsuvar kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatının əsasını da bu sahədən gələn gəlirlər təşkil edir. Azərbaycan Prezidentinin ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən mülkiyyətçilər bu il 12 min hektar sahədə pambıq əkib və yüksək məhsul əldə etmək üçün sahələrdə kompleks aqrotexniki tədbirlər həyata keçiriblər. Nəticədə sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları bu günədək sahələrdən 10 min 765 ton məhsul tədarük edərək qəbul məntəqələrinə göndəriblər.
Diqqətə çatdırılıb ki, ötən ilin payızında rayonda 15453 hektarı buğda, 14185 hektarı arpa olmaqla, ümumilikdə, 29638 hektar payızlıq dənli bitkilər əkilib. Sahələrdən 82797 ton məhsul əldə edilib ki, bunun da 45328 tonunu buğda, 37469 tonunu arpa bitkisi təşkil edib. Hər hektarın məhsuldarlığı 27,9 sentner olub. Hesabat dövründə rayonda yazlıq əkinlər üzrə 44953 ton tərəvəz, 1497 ton bostan, 6994 ton kartof, 24629 ton şəkər çuğunduru, 300 ton çəltik, 1080 ton günəbaxan, 1137 ton qarğıdalı istehsal olunub. Bu dövrdə iribuynuzlu mal-qaranın baş sayı 41,8 min, xırdabuynuzlu mal-qaranın sayı isə 140 min başa çatıb.
Çıxışlarda bildirilib ki, rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrində də müəyyən işlər görülüb, ictimai-siyasi və dini vəziyyət tam nəzarətdə saxlanılıb, gənclərlə işin daha da yaxşılaşdırılması istiqamətində keçirilən tədbirlərin sayı artıb.
Yığıncaqda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.