Son illər makroiqtisadi sabitliyin əldə olunması istiqamətində ölkəmizdə yeni iqtisadi reallıqlara uyğun olaraq həyata keçirilmiş bir sıra mühüm tədbirlər nəticəsində tədiyə balansının profisiti bərpa olunmuş, milli valyutanın xarici dəyəri nisbi sabitləşmiş, valyuta ehtiyatlarına təzyiq azalmış və inflyasiya gözləntiləri nisbətən səngimişdir. Ortamüddətli dövr üçün makroiqtisadi siyasətin əsas prioriteti kimi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və dayanıqlı iqtisadi artıma nail olunması müəyyən edilmişdir ki, bunun da reallaşdırılması sıx koordinasiya olunmuş fiskal və monetar siyasət vasitəsilə mümkündür.
Dövlətin iqtisadi siyasətinifmarn mühüm tərkib hissələrindən biri kimi valyuta siyasəti özündə dövlət tərəfindən valyuta məzənnəsinin və valyuta əməliyyatlarının tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi, iqtisadi və inzibati tədbirlərin məcmusunu ehtiva edir və monetar siyasətin hədəflərinə uyğun olaraq müəyyən edilir. Devalvasiyadan sonra digər sahələrdə olduğu kimi, valyuta tənzimlənməsi və nəzarəti sahəsində də siyasətin yeni tələblərə və çağırışlara uyğunlaşdırılması zərurəti yaranmış, bu sahədə bir sıra ciddi addımlar atılmış və qanunvericiliyə bəzi dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsipləri, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərivə funksiyaları, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqları və vəzifələri, həmçinin də valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının “Valyuta tənzimi haqqında” Qanunu ilə müəyyən edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan Azərbaycan Respublikasının Mərkəzi Bankıdır.
Sözügedən Qanunun 14-cü maddəsində valyuta nəzarətinin məqsədi kimi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasının təmin edilməsi qeyd olunmuş və valyuta nəzarətinin aşağıdakı əsas istiqamətləri müəyyən edilmişdir:
-aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğunluğunu və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən etmək;
-dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının valyuta bazarında valyutanın satışı üzrə öhdəliklərin rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini yoxlamaq;
-xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq;
-valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və obyektivliyini yoxlamaq.
“Valyuta tənzimi haqqında” Qanunla yanaşı, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir. Qeyd olunan Qaydalar tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədilə ilə təsdiq edilmişdir və hazırda Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən (avans) vəsaitlər üzrə əməliyyatların aparılması bu Qaydaların 4.3.1-ci bəndi ilə tənzimlənir. Bu bəndin icrasına nəzarət isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir.
Qeyd olunmalıdır ki, adı çəkilən Qaydaların əsas məqsədi əslində valyuta nəzarətinin gücləndirilməsi və xarici valyutanın qanunsuz olaraq ölkədən çıxarılmasının qarşısının alınması olsa da, onun praktikada tətbiqi xarici iqtisadi fəaliyyətlə məşğul olan bir çox sahibkarlıq subyektləri üçün ciddi problemlər yaratmışdır ki, bu da ilk növbədə Qaydaların bəzi müddəalarının xarici iqtisadi fəaliyyətin bir sıra formalarını və Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr olunan və beynəlxalq alqı-satqı müavilələrində geniş tətbiq olunan “İncoterms” beynəlxalq kommersiya şərtlərinin tətbiq olunduğu bir sıra halları nəzərə almadığından irəli gəlir.
Sözügedən Qaydaların bəzi müddəalarının tətbiqi biznes subyektlərinin azad bazar fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olmaqla sahibkarlar üçün ciddi maneələr yaradır. Belə ki, Qaydaların 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilməlidir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir. Bu bəndintətbiqi ilə əlaqədar keçən dövr ərzində xaricdən malların alınması ilə bağlı əvvəlcədən ödəniş edən və o malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmədən xarici ölkələrdə yerləşən qeyri-rezident müştərilərə satan bir çox yerli şirkətlər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən məhkəməyə verilmiş və cərimələnmə riski ilə üz-üzə qalmışdır.
Düzdür, sonradan Mərkəzi Bankın 2018-ci ilin 26 fevral tarixli 4/1 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda bir sıra dəyişikliklər edilmiş və malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri üzrə yeni 4.3.2-1-ci bəndiəlavə edilmişdir. Həmin bənddə qeyd olunur ki, belə köçürmələrin məbləğinin vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilənin (müqavilələrin) banka təqdim edilməlidir.
Lakin göründüyü kimi, Qaydaların 4.3.2-1-ci bəndi rezident və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrini yalnız mal alanın üçüncü ölkədə yerləşdiyi və mal alan tərəfindən əvvəlcədən ödəniş edildiyi hallarla məhdudlaşdırır. Başqa sözlə,bu dəyişikliklər banklar vasitəsilə xarici valyutada ödənişlər edən şirkətlərin üçüncü ölkələrdə yerləşən və əvvəlcədən ödəniş edən şirkətlərə münasibətdə vasitəçilik fəaliyyətini nəzərə alsa da, Azərbaycan ərazisində və xaricdə yerləşən rezident və ya qeyri-rezident şirkətlərlə olan vasitəçilik münasibətlərinin bir sıra formalarını nəzərə almır.
Məsələn, Azərbaycanda yerləşən “A” şirkəti Almaniyada yerləşən qeyri-rezident “B” şirkətinin rəsmi distrübyutorudur və həmin şirkətlə “İncoterms”-in “EXW – Ex Works (named place of delivery)” şərti ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə Azərbaycanda yerləşən bank hesabından “B” şirkətinin hesabına 500,0 min ABŞ dolları məbləğində ödəniş edirək müəyyən sayda malları “B” şirkətindən satın alıb Almaniyada yerləşən anbarına yerləşdirir. Müəyyən müddət sonra “A” şirkəti Azərbaycanda yerləşən “C” şirkəti ilə alqı-satqı müqaviləsi imzalayır və “B” şirkətindən aldığı malları “C” şirkətinə satır. Həmin müqavilədə malların “İncoterms 2010”-un “DAP (Delivered at place)” şərti ilə çatdırılması nəzərdə tutulmuşdur. Yəni, “A” şirkəti malları Almaniyadan gətirərək Azərbaycanın gömrük sərhəddində “C” şirkətinə təhvil vermiş və mallar gömrükdə “C” şirkəti tərəfindən rəsmiləşdirilərək Azərbaycana idxal olunmuşdur.
Görünüyü kimi, bu situasiyada “A” şirkəti Azərbaycanda yerləşən “C” şirkətinə münasibətdə vasitəçilik etmişdir. Lakin mövcud Qaydalara görə 270 gün ərzində mallar “A” şirkəti tərəfindən Azərbaycan idxal olunmalı və gömrük bəyannaməsi banka təqdim edilməli idi. Təbii olaraq, belə olan şəraitdə bank bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verir və Palata da öz növbəsində protokol tərtib edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün “A” şirkətini məhkəməyə verir.
Eyni zamanda qeyd olunmalıdır ki, beynəlxalq ticarət praktikasında ticarət vasitəçiliyi fəaliyyəti yerli və xarici şirkətlərə münasibətdə həyata keçirilməsinə və əvvəlcədən ödəniş nəzərdə tutulub-tutulmadığına görə fərqləndirilmir. Yəni, Azərbaycanda yerləşən şirkətin malı xaricdə yerləşən bir şirkətdən alıb başqa bir xarici ölkədə yerləşən üçüncü bir şirkətə satmağı ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmədən Azərbaycanda yerləşən başqa bir şirkətə satması arasında hər hansı fərq qoyulmamalıdır. Həmçinin burada nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində malı alan üçüncü şirkət tərəfindən avans ödəniş edilmədən mallar çatdırıldıqdan və ya xidmətlər yerinə yetirildikdən sonra ödəniş nəzərdə tutula bilər ki, bu hal da hazırkı Qaydalarda qeyd olunmur.
Çünki hər iki hal özündə beynəlxalq ticarət vasitəçiliyini əks etdirir. Digər tərəfdən də bu formada məhdudlaşdırma yerli vasitəçi şirkətlərin ofşor hesablar üzərindən beynəlxalq ticarət əməliyyatlarını davam etdirərək vergidən və valyuta nəzarətindən yayınmasına səbəb ola bilər.
Bu baxımdan da hesab edirik ki, Qaydalardakı bu ziddiyyət sahibkarlıq subyektlərinin azad bazar fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olduğundan, həmçinin beynəlxalq ticarət vasitəçiliyi fəaliyyətinin bütün formalarını və bəzi “İncoterms” şərtlərinin tətbiq olunduğu halları ehtiva etmədiyindən, həmin Qaydalarda müvafiq dəyişikliklər edilməli və xarici iqtisadi fəaliyyətin bütün forma və aspektləri nəzərə alınmalıdır.
Müəllif: Rəşad Həsənov, “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri