Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 905,9 milyon manat olub. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk 8 ayda restoranların dövriyyəsinin 896,1 milyon manatı özəl sektorun, 9,8 milyon manatı isə dövlət sektorunun payına düşüb. Özəl sektorda dövriyyə 6,6% artıb, dövlət sektorunda isə əksinə, 5,3% azalıb.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Fərdi sahibkarlarda dövriyyə 6,7%, hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 370,8 milyon manat olmuşdur.