Auditorlar Palatası iş adamlarına və şirətlərə müraciət edərək onları auditor seçərkən ayrı-seçkilik etməməyə çağırıb.
FED.az-ın məlumatına görə, Palatadan bildirilib ki, aparılan təhlillər zamanı məlum olub ki, son dövrlərdə müxtəlif qurumlar, sahibkarlar və iş adamları, auditor xidməti göstərilməsinə dair auditor seçimində tender və kotirovka sorğusu zamanı Auditorlar Palatasınnı üzvləri arasında ayrı-seçkiliyə yol verməklə haqsız rəqabətin yaranmasına zəmin yaradırlar.
Palatanın sədri Vahid Novruzov FED.az-a açıqlamasında bildirir ki, ayrı-seçkilik, əsasən, iri qurumlar tərəfindən aparılır: “ Konkret adlar çəkməyəcəm. Amma biz öz xəbərdarlığımızı etdik”.
“Qanunla bütün üzvlərimiz xidmətin göstərilməsində eyni hüquqa malikdirlər, eyni məsuliyyət daşıyırlar. Tender elanlarında, kartirovka sorğularında bəziləri xüsusi şərtlər qoyurlar. Məsələn, böyük dördlük tələb edirlər, xarici iş təcrübəsi şərtini irəli sürürlər. Bu da düzgün yanaşma deyil”-V.Novruzov qeyd edir.
Palata sədri deyir ki, ötən il bununla bağlı sənəd işləri hazırlanıb və geniş müzakirələrdən də keçib: “Hər kəs iştirak etmək hüququna malikdir, artıq seçim yenə onların ixtiyarında qalır. Seçimdə bəri başdan iştirak etməmək hüququndan məhrum olunması düzgün deyil. Biz də həm mülkiyyətçilərin, həm də auditorların hüquqlarını qoruyan bir qurum olaraq səsimiz qaldırmışıq”.
“Bizim başqa bir quruma təsir etmək imkanlarımız , belə bir səlahiyyətimiz yoxdur. Amma biz problemləri izləyirik və monitorinq aparırıq. Problemin həlli üçün müəyyən seminarlar təşkil edib, tövsiyyələr verə bilərik”-V.Novruzov vurğulayır.
Palata bildirir ki, belə halların qarşının alınması üçün auditor seçimində tender və kortirovka sorğusu zamanı Auditorlar Palatası Şurasının “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in şərtləri nəzərə alınmalıdır.
«Belə halların qarşısının alınması üçün xahiş olunur ki, auditor xidməti göstərilməsi üçün auditor seçimində tender və kotirovka sorğusu zamanı Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2017-ci il 30 iyun tarixli 288/2 saylı qərarı ilə təsdiq edilmiş «Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodki göstəriş»in şərtlərini nəzərə alasınız».
Xatırladaq ki, metodik göstəriş istifadə üçün müvayiq dövləğ qurumlarına göndərilib və palatanın internet səhifəsində yerləşdirilib.
«Ayrı-seçkiliyə yol verməyin» – PALATADAN XƏBƏRDARLIQ, AÇIQLAMA
12:10
11 Okt 2018