Avropa Komissiyası bu gün verdiyi açıqlamada Avro Bölgəsindəki inteqrasiyanı daha da gücləndirəcək və Avro istifadə etmək istəyən ölkələrə yardım edəcək yeni tənzimləmələr üzərində çalışdıqlarını bildirib.
FED.az xəbər verir ki, Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis, "Hazırda təklifimizi hazırlayırıq. Avroya keçmək istəyən ölkələrə lazımi islahatların və işlərin görülməsinə necə kömək edəcəyimizi qiymətləndiririk",- deyib.
Yeni tənzimləmələr ilə Avro istifadə edəcək üzv sayının artacağını qeyd edən Dombrovskis, "Komissiya kimi avro istifadə etmək istəyən ölkələrə kömək edəcəyik. Bolqarıstan kimi bu pula keçmək istəyən bəzi ölkələrə kömək olacaq bir tənzimləmə üzərində çalışırıq", şəklində danışıb.
19 ÖLKƏ AVRO İSTİFADƏ EDİR
Avropa Birliyinin üzvü olan ölkələr içərisində hazırda 19 ölkə avro istifadə edir. Avro Bölgəsinə - Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstan daxildir.