Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
FED.az xəbər verir ki, hədəf bazarlar: Çin Xalq Respublikası, Hindistan, MDB, Avropa Birliyi, Orta Şərq, Şərqi Asiya ölkələri.
Bazar araşdırması aparılması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi müsabiqə əsasında həyata keçiriləcəkdir.
Bazar araşdırması dəstək tədbirinə müraciət edən ixracatçılar tərəfindən yalnız bir ölkə və bir məhsul seçilə bilər.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 15 iyul 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Müsabiqədə iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
Seçim meyarları:
- sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı– 10 bal;
- sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı– 10 bal;
- hədəf bazarlara aidlik – 10 bal.
Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Sənədlər aşağıdakı ünvan üzrə 30 iyun 2020-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Anar Nuriyev
AZPROMO - İxracın Təşviqi Departamentinin marketinq üzrə meneceri
Tel: +99412 5980147/48 (daxili 123)
E-mail: [email protected]