Rusiyanın Ukraynaya hərbi təcavüzü və müharibə, bununla əlaqədar olaraq Qərbin Rusiya tətbiq etdiyi kəskin saknsiyalar populyar kompüter proqramlarının satışını da əhatə edib.
FED.az xəbər verir ki, «Adobe» şirkəti elan edib ki, şirkətin «Photoshop» proqramının Rusiyada satışı dayandırılacaq. «Adobe»nin rəhbəri Şantan Narayen rəsmi bəyanat yayıb ki, şirkət Rusiyada bütün satışlarını dondurur. Nəticədə indi Rusiyada «Photoshop», «Premiere Pro» və digər proqramları almaq mümkün olmayacaq.
Məsələ bununla bitmir. «Adobe» qərara gəlib ki, Rusiyada hökumətin nəzarət etdiyi mətbuat orqanlarının «Creative Cloud», «Document Cloud» və «Experience Cloud» kimi xidmətlərə çıxışını bağlasın.
Bundan başqa, proqram təminatı istehsalçılarından olan «Autodesk» də Rusiya ərazisində fəaliyyət göstərməyəcəyini açıqlayıb. Bu daha çox tikinti, maşınqayırma, dizayn və layihələndirmə işlərinə təsir edəcək. «Autodesk» bütün dünyada məşhur olan «AutoCAD» və «3ds MAX» proqramlarının istehslçısıdır.
Xatırladaq ki, bir qədər əvvəl Microsoft şirkəti də Rusiyada özünün yeni məhsullarının satışını dayandırıb.