AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanıb.
Eləcə də bax: “OBA market”in administratoru 74 min manat - PUL MƏNİMSƏYİB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat Bağına yeni təyin olunmuş, bu müəssisənin baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev açıqlama verib.
AMEA-dan bildirilib ki, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməmiş, aqrotexniki qulluq olunmamış, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənmişdir.
Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilmişdir. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunmuş, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilmişdir. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunmuşdur.
N.Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlama işləri nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələr tərtib olunmuş arayışda qeyd olunmuşdur. Onun sözlərinə görə, şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər.