“Nikah dövründə əldə edilmiş əmlak ər və arvad arasında bölünürmü? Əgər bölünürsə, bölgü necə, nə cür aparılır? Bəs nikah dövründə alınmayıbsa, mənə oradan pay düşə bilərmi?” və s.. Bəli, düz tapdınız: bu gün biz yenə ər və arvad arasında əmlak məsələlərindən danışacağıq. Daha dəqiq isə, hansı hallarda əmlak ər və arvad arasında bölünmür?. Beləliklə:
Bu tələbləri pozanların səhmdar, mülkiyyətçi və rəhbər olmasına - İCAZƏ VERİLMƏYƏCƏK
- Əgər əmlak VƏRƏSƏLİK qaydasında keçibsə
Məmmədin anası keçən il qəfil vəfat edir. Məmməd anasının yeganə oğlu və vərəsəsi olduğu üçün anasından qalan mənzili miras payı kimi qəbul edir və öz adına çıxarış (küpça) alır. Təəssüf ki, Məmməd və onun həyat yoldaşı Lalə arasında münasibətlər pisləşir və onlar ayrılmaq qərarına gəlirlər. Lalə, həmin mənzildən pay tələb etmək istəyir, lakin vəkil ilə məsləhəltləşdikdən sonra öz tələbinin perspektivsiz olduğunu anlayır. Niyə?
NƏTİCƏ: Nikah dövründə miras şəklində əldə olunan əmlak ər-arvadın HƏR BİRİNİN ayrıca əmlakıdır.
- Gəlinə hədiyyə edilmiş qızıl-zinət əşyaları
Zamir və Sənəm cütlüyünün boşanması kifayət qədər hay-küylü keçir, işə qohumlar qarışır, aləm dəyir bir-birinə. Zamirin qohumları ilk öncə toydan əvvəl hədiyyə etdikləri qızılların hamısını, sonradan isə heç olmasa onların dəyərinin yarısını tələb edirlər. Lakin nəticə etibarı ilə, onların tələbi məhkəmə tərəfindən təmin edilmir. Niyə?
NƏTİCƏ: Nikahdan qabaq və nikah dövründə gəlinə hədiyyə edilmiş (məhz hədiyyə edilmiş) daş-qaş və digər zinyət əşyaları onun öz şəxsi əmlakı hesab edilir.
- Əgər əmlak tərəflərdən birinin nikahdan qabaq əldə etdiyi şəxsi VƏSAİT HESABINA alınıbsa
Ailə qurmamışdan çox əvvəl Namiq öz torpaq sahəsini satır və təhlükəsizlik baxımından pulları bank hesabına qoyur. Bir neçə ildən sonra Namiq ailə həyatı qurur və cütlük yeni mənzil almaq qərarına gəlir. Bunun üçün, Namiq həmin bank hesabından pulları çıxarır və həmin vəsait hesabına mənzil alır. Getikcə, ər-arvad münasibətləri pisləşir və onlar ayrılırlar. Emiliya (Namiqin yoldaşı), mənzilin nikah dövründə əldə edildiyini əsas gətirərək, həmin mənzildən pay tələb edir. Məhkəmə Emiliyanın tələbini təmin etmir. Niyə?
NƏTİCƏ: Birgə nikah dövründə alınsa belə, lakin tərəflərdən birinin nikahdan qabaq əldə etidyi şəxsi vəsaiti hesabına alınan əmlak ər-arvadın ümumi əmlakı hesab edilmir.
- Əgər söhbət sadəcə “valideynlərin evində qeydiyyatdan” gedirsə
Evliliyin ilk vaxtlarında Zaur və Məryəmin öz yaşayış yeri olmur. Bu səbəbdən, Zaurun atası özünə məxsus evi onlara yaşamaq üçün verir. Məryəmin təkidi ilə, Zaurun atası hətta Məryəmi həmin mənzilə qeydiyyata da salır. Zaman keçdikcə, ər və arvadın münasibələtri pisləşir və onlar artıq məhkəmə zallarında görüşürlər. Məryəm, mənzildə qeydiyyatda olduğunu əsas gətirərək, mənzildən pay hüququ tələb edir. Lakin məhkəmə onun iddiasını təmin etmir. Niyə?
NƏTİCƏ: Ərin/arvadın valideynlərinin evində qeydiyyat yalnız həmin evdə (mənzildə) yaşamaq hüququ verir. Mənzildə qeydiyyat özü-özlüyündə pay hüququna dəlalət etmir.
- Əgər söhbət şəxsi istifadədə olan əşyalardan gedirsə
Cəmil və Əsmər heç bir il keçməmiş boşanır. Cəmil daim Əsməri ona məxsus əşyaları (geyim, ayaqqabı və s.) əlindən alacağı və satacağı ilə hədələyir. Çünki, Cəmilin fikrincə, həmin əşyalar lüks brendlərə aiddir, çox bahalıdır. Lakin vəkil ilə məsləhətləşdikdən sonra, Əsmər yoldaşının hədə-qorxularının əsassız olduğu qənaətinə gəlir. Niyə?
NƏTİCƏ: Fərdi istifadədə olan əşyalar ondan istifadə etmiş ərin (arvadın) ÖZ MÜLKİYYƏTİ sayılır.
Yuxarıda qeyd olunan məqamlar qanunvericiliyə əsaslanmış ümumi qaydalardır. Bununla belə, hər bir iddia tələbinə fərdi və hərtərəfli yanaşılmalıdır. Çünki hər-hansı iddianın təmin olunma ehtimalı müxtəlif nüanslardan və işin təfərrüatlarından asılıdır.
Müəllif: Vəkil Leyla Əkbərova