Azərbaycanda biznes subyektləri arasında məhkəmə mübahisələrinin böyük hissəsi borc öhdəliklərinə əməl edilməsi və digər ödənişlərin edilməsi ilə bağlıdır.
Son illər məhkəmə sistemində aparılan islahatlar biznes mübahisələrin həllinə müəyyən dərəcədə müsbət təsir göstərsə də, borc mübahisələri ilə bağlı problemlər hələ də qalmaqdadır.
Ekspertlər bildirir ki, hazırda məhkəmələrdə ƏNƏNƏVİ ÜSULLA baxılan borc mübahisələrinin əksəriyyəti ya olduqca gec ödənilir. Nəticədə bundan biznes zərər çəkir, maliyyə intizamı aşağı düşür, şirkət və sahibkarların məhkəmələrə böyük resursları və vaxtları sərf edilir.
Bununla əlaqədar olaraq tanınmış hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov ölkə məhkəmələrində borc mübahisələrinin həlli üçün yeni üsul təklif edir.
Əvvəlcə baxaq, hazırda borc mübahiçələrinə hansı formada baxılır:
«Tutaq ki, hansısa «X» şirkətinin «Y» şirkətinə borcu var və bu borc müvafiq sənədlərlə, məsələn müqavilə ilə tam sənədləşdirilib.
Hazırda borcun qaytarılması üçün ənənəvi üsul bundan ibarətdir. Borcun qaytarılmasında problem olduqda «Y» şirkəti müqaviləni əsas götürərək «X» şirkətini məhkəməyə verir. İdeal halda, «Y» şirkəti, borc tam sənədləşdirildiyinə və müvafiq sənədlərlə təsdiqləndiyinə görə, məhkəmədə qalib gəlir. Amma ilkin məhkəmə səviyyəsində qalib gəlmək hələ mübahisənin tamamilə udulması və borcun qaytarılması deyil.
Qarşı tərəf (X şirkəti) məhkəmənin çıxardığı qərarla razılaşmır və növbə ilə apellyasiya və Ali məhkəmələrə müraciət edir.
Tutaq ki, «Y» şirkəti bu instansiyalarda da qalib gəlir, amma nəticədə proses ümumilikdə 2 il vaxt aparır. Bu müddət ərzində borcu qaytarmalı olan «X» şirkəti isə həmin vəsaiti dövr etdirib biznesində istifadə edir.
Mübahisənin məhkəmədə həll edilməsi də onun həlli demək deyil.
Məhkəmə qərarı icra olunması üçün İcra Xidmətinə yönəldilir. Burada ləngimə daha uzun müddət çəkir, ləngimənin səbəbləri isə daha çoxdur. Belə ki, məhkəmə qətnaməsini icra etməli olan icra məmuru qarşı tərəfə borcun könüllü öləməsi tələbi ilə məktub yazır. Amma məlum olanda ki, şirkətin bank hesablarında vəsait yoxdur, başqa təşkilatlara da borcludur və həmin borcları qaytara bilmir, bu işin icra xidmətində «ümidsiz iş»ə çevrilir və kənara qoyulur. Çünki formal olaraq həmin şirkətin cəmi 20 manatlıq nizamnamə kapitalından başqa vəsaiti yoxdur. Yəni həmin borcun ödənilməsi üçün heç bir mənbə mövcud deyil.
Bununla yanaşı, məhkəmə praktikası göstərir ki, əksər hallarda belə şirkətlərin hesabına pul daxil olsa da, onlar bu halı icra xidmətindən gizlədə bilirlər. Pul şirkətin hesabına köçdükdən sonra onun hesabına öhdəlikləri icra etmək əvəzinə, bu vəsaiti başqa məqsədlər, o cümlədən şəxsi məqsədlər üçün istifadə edirlər. Məsələn, şirkətin direktoru vəzifə səlahiyyətlərindən sui-istifad edərək müxtəlif sənədlər düzəldərək şirktdən pulu nağd şəkildə çıxarmağa nail olurlar. Beləliklə, şirkətin hesabına vəsait daxil olsa da, ondan şəxsi ehtiyaclar üçün istifadə edilir, amma şirkətin öhdəliklərini yerinə yetirmirlər.
Başqa sözlə, borc mübahisəsi adi qaydada, ənənəvi məhkəmə praktikası ilə həll edilməyə çalışılanda bu məsələlərə heç bir hüquqi qiymət verilmir – borc ödənilmir, məsul şəxslər isə məsuliyyətdən yayınırlar.
Belə vəziyyətdən çıxış yolu kimi, borc mübahisələrində müflisləşmə və iflas yanaşmasının tətbiqini doğru hesab edirik. «Müsləisləşmə» anlayışının əlavə edilməsi borcu ödəməyən hirkətin rəhbərliyinin yol verdiyi hüquq pozuntularını aşkara çıxarmağa, ona hüquqi qiymət verməyə və direktoru, bəzi hallarda isə hətta şirkətin təsisçilərini də belə cinayət məsuliyyətinə cəlb etməyə imkan verir.
Yuxarıda qeyd etdiyimiz kimi, «X» şirkəti adi qaydada, yəni sadəıcə borc mübahisəsinin həlli üçün məhkəməyə veriləndə qeydə alına bilən yeganə pozuntu məhkəmə qərarını qərəzli şəkildə icra etməmək ola bilər. Bu hala görə də məsuliyyətə cəlb etmə faizi çox aşağıdır.
Amma müəyyən olunsa ki, qarşı tərəfin məsul şəxsi vəzifə səlahiyyətlərini aşıb, mənimsəmə və israf edib, onda Cinayət Məcəlləsinin 179-cu və 308-ci maddələri ilə onlara qarşı cinayət işi qaldırılması məsələsi prokurorluq qarşısında qaldırılır. Göstərilən həmin şəxs artıq cinayət məsuliyyətindən yayına bilmir.
Qanuna görə Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır.
Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:
a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;
b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;
c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
Yuxarıda qeyd edilən bu əlamətlərdən biz əsasən 3-cünü əsas götürəcəyik və məhkəmədə iddiamızı da o əlamət əsasında qaldıracağıq. Əgər borclu şirkət sizə hər hansı bir müqavilə üzrə ödəniş etmirsə və bu ödənişin icrası üçün müəyyən edilmiş müddət də artıq ötübsə bu sizə hüquqi əsas verir ki, həmin şirkətə qarşı müflisləşmə iddiası ilə məhkəməyə müraciət edəsiniz. Bəzi xüsusiyyətləri (hansı ki, qanunda nəzərdə tutulur) nəzərə almasaq, adi mülki və ya kommersiya iddiasında olduğu kimi iddia ərizəsini və sübutları məhkəməyə təqdim edərək prosesə başlaya bilərik.
Adi iddiadan fərqli olaraq müflisləşmə iddiasında siz şirkəti ləğv etməyi qarşınıza məqsəd qoyduğunuz üçün şirkətin rəhbəri və təsisçiləri məcburiyyət qarşısında bu məsələyə ciddi yanaşacaqlar və əgər şirkətin onlar üçün önəmi qalıbsa çalışacaqlar sizin iddianız təmin olunmasın.
Məsələnin də ən maraqlı tərəfi bundan sonra başlayır. Əgər şirkət müflis elan edilsə bu o demək olacaq ki, onlar şirkəti düzgün idarə ediblər lakin müəyyən biznes risklərin baş verməsi şirkəti müflisləşməyə sürükləyib.
Lakin sizin iddianız təmin olunmasa yəni məhkəmə o qənaətə gəlsə ki, şirkət müflis deyil, əslində şirkətin sizin borcunuzu ödəməyə pulu olmalı idi, bu o deməkdir ki, ya direktor təsisçilərlə birlikdə, ya da özü təkbaşına qanunsuz əməllər törədərək şirkətin vəsaitini ya mənimsəyib və ya israf edib (Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə məsuliyyət yaranır) və yaxud da öz vəzifə səlahiyyətlərindən sui istifadə edib (Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə məsuliyyət yaranır). Hər iki halda siz Direktoru (bəzən hətta təsisçiləri də) qanunsuz əməllərinə görə istintaq qarşısına çıxara biləcəksiz.
Adi mülki iddiada isə sizin qarşınızda məsuliyyəti cəmi 20 manat nizamnamə kapitalı olan bir şirkət daşıyır. Ən yaxşı halda siz şirkətin direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmasına nail olacaqsız, amma buhalda da onlar ölkədən çıxmağa niyyəti və imkanı olmayan bir şəxsi direktor təyin edərək əsl direktoru bu məhdudiyyətdən də yayındıracaqlar.
Məsələyə məhkəmələrin yanaşması bu mərhələdə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Ali Məhkəmənin müflisləşmə iddialarına baxdığı 20-ə yaxın qərarı təhlil edərək belə qənaətə gəlirik ki, kreditorların tələbi əsasında qaldırılan müflisləşmə iddialarının təmin olunması təcrübəsi artıq mövcuddur. Baxmayaraq ki, belə qərarların sayı hələ ki, azdır. Amma gələcəkdə bu tip iddialar qaldırmaqla borclu şirkəti öz öhdəliklərinin icrasına məcbur etmək üçün böyük perspektivlər vardır.
Növbəti yazılarımızda borclu şirkətin vəzifəli şəxslərinin cinayət məsuliyyətinin xüsusiyətlərinə də toxunacağıq.
Pərviz Məmmədov, hüquqşünas, Vəkillər Kollegiyasının üzvü