Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə müəyyənləşir.
Əkin yerini yandıranları cərimə və həbs edəcəklər - YENİ QAYDA
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun 17.3-cü maddəsinə uyğun olaraq binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən yeni - 17.3-cü maddədəyə əsasən, dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəlləsinin 89.1-ci maddədə göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.
Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.
***
Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə yeni cərimə müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.










