Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə "məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac" olduğunu deyib.
FED.az BBC News Azərbaycancaya məhkəmə-hüquq sistemi üzrə bir təhlilçi hesab edir ki, islahatlar - hakimlərin müstəqilliyi, peşəkar təlimlər, maaş artımı, ittiham sistemi, prokurorluq-hakim münasibətləri sahələrində olmalıdır.
Eləcə də bax: 6 hakimin səlahiyyətlərinə xitam verilib - HESABAT
Deputat Çingiz Qənizadə məhkəmə sistemində "süründürməçiliyin aradan qaldırılmalı" olduğunu deyir.
Ali Məhkəmənin hakimi Vafəddin İbayev BBC News Azərbaycancaya şərhində məhkəmə-hüquq sistemində "islahatlar aparılması üçün konkret misal deyə bilməyəcəyini" vurğulayıb.
"Hakimlərin maaşı artırılmalıdır"
"Məhkəmə-hüquq sistemində islahatların ən köklüsü təbii ki, məhkəmə sistemində aparılmalıdır. Burada da vacib məsələ məhkəmə hakimlərinin müstəqilliyinin təmin olunmasıdır", dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev BBC News Azərbaycancaya deyir.
Bu səbəbdən cənab Mehdiyev düşünür ki, hakimlərin maaşı artırılmalıdır:
"Birinci instansiyanın hakimi özündən başqa iki nəfər köməkçisini də yanında saxlamalıdır. Onun maaşını nəzərə aldıqda, bu faktın özü birbaşa korrupsiyaya yönləndirən amillərdəndir".
Hakimlərin məhkəmə-hüquq şurasından asılılığını azaldılmalı olduğunu deyən Mehdiyev, Ədliyyə Nazirliyinin məhkəmə-hüquq şurasındakı rolunu aşağı salınmasını təklif edir:
"Məhkəmə sisteminə nəzarət edən qurum elə məhkəmənin öz içindən seçilməlidir. Dünyadakı ən proqressiv yanaşma belədir. Məhkəmə hakimiyyəti özü-özünü tənzimləyir, özü-özünü yoxlayır, hakimlərin cəzalarını özü verir.
Bizim məhkəmə şurasına baxdıqda isə orada icra hakimiyyətinin nümayəndələrinin olduğunu görmək mümkündür. Bu isə doğru deyil".
"İttiham sistemini hesabatlı hala gətirmək lazımdır"
"İttiham sisteminə də şəffaflıq gətirmək, digər tərəfdən isə ittiham sistemini hesabatlı hala salmaq lazımdır. Bu sistem mütləq qaydada cəzalandırırcı sistem kimi başa düşülməməlidir", hüquq professoru daha bir problemə toxunur.
O hesab edir ki, hakimlər çox vaxt prokurorluq orqanlarından qarşılarına gələn ittiham aktının tövsifini dəyişdirməyi cəsarət etmirlər.
Fərhad Mehdiyev hesab edir ki, hakimlərin mütləq şəkildə peşəkar təlimdən keçirilməsinə ehtiyac var.
"Müşahidələrimə əsasən, deyə bilərəm ki, prosessual hüquqa nəzərən maddi hüququ sərt, bəzən də yersiz tətbiq edirlər".
Onun sözlərinə görə, məhkəmə hakimləri "qərarı necə çıxarım" formasında məhkəmə sədrləri ilə məsləhətləşirlər. "Hakimləri müstəqilləşdirmək lazımdır", təhlilçi qeyd edir.
Fərhad Mehdiyev deyir ki, Avropa İttifaqı və Avropa Şurasının layihələri çərçivəsində hakimlər Avropaya aparıldı, onlara Avropa məhkəmələrinin presendent hüququ ilə bağlı təlimlər keçilib, məhkəmə qərarlarının elektronlaşdırılması həyata keçirilib, məhkəmə qərarlarının internetdə oxunması mümkün olub. Yeni məhkəmə binaları tikilib.
"Lakin bütün bunlarla bərabər məhkəmələrdə vəziyyət olduqca ağırdır. Bizim məhkəmə sistemi baş verən kobud hüquq pozuntularının qarşısını almağa qadir deyil."
Aİ və Avropa Şurasının (AŞ) hesabatına görə, son dörd ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi layihəsinə 1.75 milyon avro xərclənib.
"Tərəfsizlik, müstəqillik, peşəkarlıq yoluna qoyulsa..."
Fərhad Mehdiyev investorların ölkəyə gəlməməsini də məhkəmə-hüquq sistemindəki problemlərlə əlaqələndirir.
"Hüquqi təminat prinsipi təmin olunmur, deyə onlar düşünürlər ki, işləri məhkəməyə düşsə, məhkəmə onlara necə cavab verəcək?", o iddia edir.
"Hüquqi yardım haqqında qanunvericilik təkmilləşdirilməlidir"
Təhlilçinin sözlərinə görə, qanunvericilik qeyri-hökumət təşkilatlarına və ya hüquq ofislərinə hüquqi yardıma ehtiyacı olan şəxslərin məhkəməyə çıxa bilməsinə yardım etmələrinə imkan verməlidir.
"Əvvəllər Vəkillər Kollegiyasından çıxarılmış şəxs nümayəndə qismində fəaliyyət göstərə bilirdi. Ancaq qanun dəyişikliyindən sonra Kollegiyadan çıxarılmış hüquqşünas bütün peşə şanslarının itirir. Bu çox ağır cəzasıdr. İnsanı sosial ölümə məhkum edir, həm də qorxuducu cəzadır."
Vəkillik sistemində "ciddi islahatlara ehtiyac var"
"Vəkillər icra hakimiyyətinin və ya prokurorluq orqanlarının qorxusu altında fəaliyyət göstərir. Prokurorluq tərəfindən cəzalandırılması istənilən vəkillərin demək olar ki, hamısı gec və ya tez cəzalandırılıb. Bəziləri dərhal, bəziləri isə bir qədər gecikmə ilə cəzalandırılıb. Bəzilərinin də bu şəkildə cəzalandırılması prosesi gedir".
Fərhad Mehdiyev düşünür ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti seçkilər əsasında formalaşdırılmalıdır.
"Sıradan bir vəkilin sədrin seçilməsində hər hansı rolu yoxdur. Halbuki çox da böyük qurum deyil. Necə olur ki, prezidenti bütün xalq seçə bilir, milyonlarla insan seçkiyə gəlir, ancaq üzvlərinin sayı 2 mini keçməyən Vəkillər Kollegiyasının üzvləri birbaşa sədri seçə bilmirlər. Ancaq bu seçki tətbiq edildikdən sonra Vəkillər Kollegiyasının müstəqilliyi formalaşacaq".
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bundan əvvəl BBC News Azərbaycancaya təmsil etdiyi qurumun "müstəqil olduğunu və müstəqil fəaliyyətini də davam etdirəcəyini" deyib.
"Konkret misal deyə bilməyəcəyəm"
"Məhkəmələrlə bağlı şikayətlər mövcüddur. Müəyyən süründürməçilik halları var. İşlərin süründürməçiliyi, işlərə baxılarkən proseslərin ləngiməsiylə bağlı şikayətlər var və bu da hakimlərin iş yükünün çoxluğu ilə bağlıdır".
Çingiz Qənizadə BBC News Azərbaycancaya müsahibəsində əlavə edir ki, "mən şəxsən bilirəm ki, hakimlər işdən sonra, hətta həftəsonları belə işləyirlər. Məhz buna görə, hesab edirəm ki, məhkəmə hakimiyyətində kadr islahatı, kadrların sayının artırılması ilə bağlı işlər aparılmalıdır".
Ali Məhkəmənin hakimi Vafəddin İbayev BBC News Azərbaycancaya şərhində məhkəmə-hüquq sistemində "islahatlar aparılması üçün konkret misal deyə bilməyəcəyini" vurğulayıb.