Emal edilməmiş almazların dövlət orqanın rəyi olmadan idxalı və ixracına görə cərimələr müəyyənləşdirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanın Gömrük Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması, izlənməsi sahələrində dövlət nəzarəti həyata keçiriləcək.
İşlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar emal edilməmiş almazlar hesab ediləcək.
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.











