Artıq bir aydır ki, İran müharibəsi nəticəsində dünya bazarında neftin kəskin bahalaşması mmüşahidə edilir. Azərbaycan neftinin qiyməti də büdcədə nəzərdə tutulandan xeyli artıq səviyyəyə yüksəlib. Həftə sonuna olan məlumata görə, Azərbaycan nefti 2008-ci ildən bəri ilk dəfə olaraq 140 dolları keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar götürülüb. Başqa sözlə, hazırda dünya bazarında neftin qiyməti Azərbaycan büdcəsində nəzərdə tutulan həddən 50-60 dollar yüksəkdir. Bu vəziyyət Azərbaycana nə vəd edir?
Hazırkı şərtlər daxilində qlobal neft qiymətlərindəki dəyişikliklər məsələsinə Azərbaycanda valyuta sabitliyi aspektindən və yaxud ölkənin ixrac gəlirlərinin artması aspektindən baxsaq, bugünkü volatillik Azərbaycan hökumətinin proqnozlarının üzərində bir həddə müşahidə edilir. Baxmayaraq ki, volatillik var, ancaq qiymətlər proqnozlaşdırılan göstərici ilə müqayisədə yuxarıdır. Azərbaycan təxminən gündəlik 450-500 min barel neft ixrac edir və neftin 1 barelinin 1 dollar bahalaşması gündəlik 450-500 min dollar, aylıq isə təxminən 15 milyon dollar əlavə gəlirin ölkəyə daxil olmasına səbəb olur. Biz hazırkı şərtlər daxilində neftin qiymətinin təxminən 2 dəfə daha baha qiymətə satıldığını müşahidə etməkdəyik. Bu isə kifayət qədər əlavə vəsait və daxilolma deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədfə iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan nefti təxminən proqnozlaşdırılan qiymətlə müqayisədə 40 dollar baha satırsa bu, gündəlik 20 milyon dollar, aylıq isə 600 milyon dollar əlavə gəlirin ölkəyə daxil olması deməkdir.
“İllik aspektdən baxsaq bu, artıq 7-8 milyard dollar səviyyəsinə yüksəlir. Bu göstərici, ilk növbədə, cari əməliyyatlar balansının profisitinin artmasına gətirib çıxarır, xarici ticarət saldosu artır və dolayı yolla tədiyə balansının da profisit gözləntiləri daha da yüksəlir. Bu isə manatın məzənnəsinin mövcud şərtlər daxilində ABŞ dolları ilə münasibətdə sabit saxlanması siyasəti üçün hökumətə daha əlverişli şərait formalaşdırır. Ancaq təbii ki, bu təsirlər yalnız müvafiq aspektdən nəzərdən keçirilə bilər. Biz əgər digər təsirləri də nəzərdən keçirmiş olsaq, neftin hazırkı qiymətləri Azərbaycan üçün mənfi təzyiqlər də formalaşdırmaqdadır. Bu, bütün növ mal və xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır və dolayı yolla qlobal inflyasiyanı aktivləşdirir. İdxalçı ölkə kimi Azərbaycanda da bu istiqamətdə inflyasiya təzyiqləri artır ki, bu da bütövlükdə ölkə əhalisinin hər biri üçün əlavə xərc yükü formalaşdırır”,- deyə ekspert bildirib.
R.Həsənov qeyd edib ki, hökumət bir tərəfdən neftin bahalaşmasından ciddi gəlirlər əldə etmək imkanı qazanır, digər tərəfdən isə vətəndaşlar yoxsullaşma riski ilə üzləşirlər:
“Düşünürəm ki, bu gəlirlərin hansısa formada bir qismini artan yoxsulluq təzyiqlərinin aradan qaldırılması və yaxud qiymət stabilliyi ilə optimallığını təmin edən siyasətlərin maliyyələşdirilməsinə yönəltməklə idarə edilməsi daha məntiqli olar. Çünki mövcud şəraitdə təbii ki, Azərbaycan hökuməti, Azərbaycan Respublikası Dövlət Neft Fondu, SOCAR gəlirlərini artırmaq istiqamətində imkanlar əldə etsə də, bütövlükdə hər bir azərbaycanlı ciddi qiymət artımı riski və alıcılıq gücünün aşağı düşməsi, yoxsullaşma riski ilə üzləşir ki, bunlar da müvafiq konyunkturun mənfi tərəfləri kimi nəzərdən keçirilməlidir” (Azərtac).













