Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclənəcəyi ehtimalı var.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur.
Nazirliyin ictimaiyyətlə əlaqələrinin rəhbəri İradə İbrahimova bildirib ki, hava məlumatlarını diqqətlə izləmək və küləyin güclənəcəyi proqnozunu nəzərə almaq lazımdır: "Nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın. Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, nazirliyin açıqladığı hava proqnozuna əsasən, Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dekabrın 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub-şərq küləyinə keçəcək.
Havanın temperaturu gecə 1-3°, gündüz 4-7° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6°, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.