«Davos Dünya İqtisadi Forumunda iştirakım zamanı mən bir şirkətin sahibi ilə görüşdüm, mənə bu məlumatı verən ölkənin və şirkətin adını çəkmək istəmirəm, bu, mənim üçün çox maraqlı xəbər idi».
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev martın 13-də Almaniyada iş adamları ilə görüşdə bildirib. Söhbət ekoloji təmiz və enerji istehlak deyil, istehsal edən binalardan gedir.
Görüşdə “Gerber Architekten” şirkətinin icraçı direktoru Marius Rayrko prezidentə bildirib ki, şirkət artıq Azərbaycanda fəaliyyət göstərir, amma eyni zamanda ekoloji layihələrdə də iştirak etmək istəyir.
«Biz memarıq, landşaft üzrə memar, şəhər salanlar və əlbəttə ki, interyer üzrə dizaynerik. Biz 60 ildir ki, Almaniyada, həmçinin Səudiyyə Ərəbistanı və Çində, əsasən dövlət sektorunda inşaat işi ilə məşğuluq. Biz, həmçinin Almaniyaya universitetlər, dövlət sektoru binaları, kitabxanalar, səhiyyə layihələri və ekoloji cəhətdən bir çox faydalı binalarla öz töhfəmizi veririk. Hazırda biz Səudiyyə Ərəbistanında faydalı qazıntılara və enerjiyə əsaslanan cəmiyyətdən bərpaolunan enerjiyə əsaslanan cəmiyyətə keçidi həyata keçiririk. Cəmiyyət bu dəyişiklikdə mühüm rol oynadı.
Ötən il biz Azərbaycanda, Bakıda fəaliyyətə başlamışıq. Biz Qarabağa da səfər etdik. Şəhərinizdə parkların dizaynı ilə bağlı meriya ilə danışıqlar apardıq. Hazırda biz yaşayış məkanları və digər layihələrimizin müəllifləri ilə müzakirələr aparırıq. Cənab Prezident, Sizə bərpaolunan enerji ilə bağlı iki sualım var. Düşünürəm ki, gələcəkdə binalar enerji istehlakçısından enerji istehsalçısına çevrilə bilər. Bu dəyişikliyə təkan verən siyasət yürüdüləcəkmi? Əgər belədirsə, “Gerber Architekten” bu dəyişikliyə təkan verməyə, yardım etməyə çox şad olardı. İkincisi, Bakıda gəzərkən müşahidə etdim ki, insan axını, şəhərin inkişafı və uğuru tıxac problemini ortaya çıxarır. Biz bu məsələni başqa yerlərdə də müşahidə etmişik. Gələcəkdə bizimlə paylaşmaq istədiyiniz tranzityönümlü tikinti planı və ya metro planınız varmı?»
Prezident İlham Əliyev: Azərbaycana səfər etdiyinizə görə təşəkkür edirəm. Əgər siz Qarabağda olmusunuzsa, ola bilsin ki, bizim planlarımızdan xəbərdarsınız. Biz artıq bütün şəhərlər üçün Baş planı təsdiqləmişik. Hazırda 20-dən çox kəndin də Baş planı təsdiqlənib. Bilirsiniz ki, biz, həmçinin müxtəlif ölkələrdən beynəlxalq şirkətləri və yerli şirkətləri dəvət etmişik. Qeyd etdiyim kimi, biz Qarabağda və Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz, yaşamaq üçün asan olan, nəqliyyata və bütün xidmətlərə yaxşı çıxışı olan yaşayış sahələri və ictimai məkanlar inşa etmək istəyirik.
Sizin enerji istehsal edən binalarla bağlı sualınıza gəlincə, Davos Dünya İqtisadi Forumunda iştirakım zamanı mən bir şirkətin sahibi ilə görüşdüm, mənə bu məlumatı verən ölkənin və şirkətin adını çəkmək istəmirəm, bu, mənim üçün çox maraqlı xəbər idi, mən dərhal Qarabağda bütün bərpa işlərinin koordinatoru olan Prezident Administrasiyasına göstəriş verdim və hazırda biz pilot layihə üzərində işə başlamışıq. Pilot layihənin texniki-iqtisadi əsaslandırma işləri ola bilsin ki, bir neçə aya hazır olacaq. Bina özü çox gözəl görünür, çox yaxşı təsir bağışlayır, təkcə panellər deyil, özü enerji istehsal edir. Əgər sizdə bu texnologiya və ya “nou-hau” varsa, yaxud bununla bağlı təklif verə bilərsinizsə, bunu ancaq alqışlamaq olar. Bu, həqiqətən də tamamilə yeni inkişaf, yeni texnologiyadır. Düşünürəm ki, bu, Qarabağ üçün çox uyğun olacaq, xüsusilə nəzərə alsaq o, yaşıl enerji zonasıdır.
Bakı şəhərinin inkişafına gəlincə, siz Bakıda olmusunuz, şəhəri tanıyırsınız. Bəli, bizim metro ilə bağlı böyük planlarımız var. Biz keçmiş Sovet İttifaqının metro tikən az sayda ölkələrindən biriyik, çünki Sovet İttifaqı dağılandan sonra onların çoxu bunu dayandırdı. Bizim strategiyamız var və həmçinin hazırda ictimai nəqliyyatımızın metro ilə inteqrasiyası üzərində işləyirik və bunun üçün vahid sistem tətbiq etmək üzrəyik. Bundan əlavə, əhalinin sayı artır. Bakı getdikcə böyüyür. Ona görə də hazırda biz nəqliyyatla bağlı yeni layihələr işləyib hazırlayırıq. Yollar, körpülər, tunellər, bütün bunlarla bağlı proses artıq gedir. Bundan əlavə, hazırda yeni tikinti bumuna böyük maraq var. Çünki Bakının artıq bir neçə dəfə yaşayış kompleksləri bazarında artım dalğası olub. Ona görə də düşünürəm ki, sizin layihələrinizə baxmaq maraqlı olar. Bəzi ideyalara nəzər sala bilsəm, çox şad olardım.
Marius Rayrko: Sözsüz ki, bölüşmək istərdim.
Prezident İlham Əliyev: Bəlkə görüşdən sonra mənimlə bölüşəsiniz.
Marius Rayrko: Mən cənab Şultsun sözlərinə əlavə etmək istərdim. Ərəbdilli regionda, Çin regionunda işləyəndən sonra Mərkəzi Asiya regionunda ətraf mühitin qurulmasını tədqiq edən və töhfə verən mərkəz olaraq Bakıya gəlmək hazırda bizim hədəfimizdir. Mən hər kəs üçün daha ağıllı və daha sağlam ətraf mühitin yaradılmasına dəstəyi alqışlayardım».