Prezident İlham Əliyev «Banklar haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, yeniliyə əsasən, qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib:
1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılsın;
2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:
“Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.”.
Qeyd edək ki, «Banklar haqqında» qanunun 57-11-ci maddəsi Bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərini tənzimləyir.
57-11.6. Restrukturizasiya planına razılıq barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı bildirişini aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bildirişdə müəyyən edilmiş müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı (bundan sonra - bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı) qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu Qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək (bu hissə qanundan çıxarılır) uzadıla bilər.
Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur (Bu hissə yeni əlavə edilib)
Qeyd edək ki, qanuna edilən dəyişikliklər Qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.
Başqa sözlə, hazırda öhdəliklərinin restrukturizasiyası ilə məşğul olan banklar da bu düzəliş nəticəsində əlavə vaxt ala biləcəklər.