Xəbər verildiyi kimi, ötən həftənin sonunda Ruanda prezidenti Pol Kaqamen geniş nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub. Həmin günlərdə ölkədə Dövlət Suverenliyi günü geniş şəkildə qeyd edildiyi, prezidentin Qarabağa səfərləri fonunda bu səfər bir qədər kölgədə qalsa da, Afrika ölkəsinin nümayəndəsi ilə maraqlı müzakirələr olub.
Xatırladaq ki, Ruanda – Afrikanın mərkəzində kiçik bir ölkədir, cəmi 26 min kvadrat kilometr sahəsi Azərbaycandan təqribən 4 dəfə kiçikdir, əhalisi isə 10,5 milyon nəfəri keçir.
FED.az xəbər verir ki, səfər zamanı Azərbaycan və Ruanda prezidentləri arasında təkbətək və geniş tərkibli görüş keçirilib.
Dövlət başçılarının iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb, eləcə də qarşıdakı planlar təqribən də olsa açıqlanıb.
Belə ki, görüşdə iki ölkə arasında hava əlaqəsi, təhsil və kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq, eləcə də Azərbaycanın ASAN Xidməti ilə Ruandanın İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlıq, həmçinin Azərbaycanın «Azpromo» agentliyi ilə Ruandanın İnkişaf Şurası arasında Anlaşma Memorandumları imzalanıb.
Tədbirdə çıxış edən prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında əla siyasi münasibət var, ümumiyyətlə, Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır: «Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq»-deyə İlham Əliyev rəsmi Bakı ilə Ruandanın münasibətlərinin bəzi detallarını açıqlayıb.
Prezident vurğulayıb ki, iki ölkə arasına iqtisadi və digər münasibətləri də siyasi səviyyəsinə qaldırmaq lazımdır.
Məsələn, görüşdə məlum olub ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Əliyev bildirib ki, tələbələrin sayını artırmaq lazımdır, üstəlik ölkədə təhsil alan ruandalı tələbələrə Azərbaycanın dövlət təqaüdü verilə bilər.
Eyni zamanda Ruandada Azərbaycanın ASAN Xidmətinin təcrübəsindən istifadə edib ASAN-ın oxşarı olan qurum yaradılacaq.
Bundan başqa, Azərbaycan Ruanda ilə enerji sektorunda əməkdaşlıq imkanlarına baxmaq, eləcə də biznes və investisiya imkanlarını müzakirə etmək istəyir. Rəsmi Bakı bildirir ki, Ruandada sərmayə layihələrində iştirak etməyə hazırdır.
Buna təbii ki, Ruanda da hazırdır. Bu ölkənin prezidenti Pol Kaqamen bildirib ki, indiyədək hökumət rəsmiləri bir neçə dəfə səfər ediblər.
Dövlət başçısı bildirib ki, neft və mədən sektorunda müəyyən əsas sahələrin inkişafı üçün Azərbaycana dəstək verməyə hazırdır.
Yeri gəlmişkən, Bakıya səfər etmiş prezident Pol Kaqamen Ruandaya 2000-ci ildən rəhbərlik edir. Yerli qanunlara görə, bir nəfər ikidən artıq dəfə prezident seçilə bilməz, amma 2015-ci ildə Ruanda Konstitusiyası dəyişdirilib, Pol Kaqamenin əvvəlki prezidentliyi sıfırlanıb, prezidenrtlik müddəti də uzadılıb və o 2034-cü ilədək ölkəsini təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, Ruanda Azərbaycandan iqtisadi cəhətdən xeyli zəif inkişaf edib. Ölkədə adambaşına düşən ümumdaxili məhsul min dollardan bir qədər artıqdır və bu rəqəm Azərbaycanın 7,3 min dollarlıq göstəricisindən 7 dəfə aşağıdır.
Müzakirələrdən və açıqlamalardan görüşdüyü kimi, Azərbaycan siyasi əlaqələrdəki müsbət vəziyyəti əsas götürərək Ruandaya birgə investisiyaları müzakirə etmək istəyir. Bu ölkədəki böyük qızıl yataqları (həcmini göstərmək) Azərbaycanın artıq bir neçə ildir həyata keçirmək istədiyi xaricdə qızıl hasilatı planlarına uyğun gəlir. Ruanda tərəfi bu sahədə xeyli irəliləyib – ölkə xaricə ildə təqribən 1 milyard dollarlıq qızıl ixrac edib, 2024-də bu rəqəm 40%-dən çox artıb. Eləcə də Ruanda da volfram, litium və sair aktual elementlərin yataqları var.
Məsələn, Ruanda qalay, volfram və tantal elementlərinin iri ixracçısıdır. Bəzi məlumatlara görə, volfram və qalay ixracına görə Ruanda hətta dünya liderlərindən biridir.
Amma bu yataqların bir hissəsində hasilat kustar üsulla aparılır, yəni yeni texnologiyalara və investisiyalara açıqdır.
Ruanda prezidentinin açıqlamalarından görünür ki, ölkə bu sahəyə xarici investisiyaların cəlb edilməsinə açıqdır. Xüsusilə də çıxarılan metalların emalı sahəsində, məsələn burada qızıl və ya faydalı qazıntıların zənginləşdirilməsi zavodu tikmək üçün uyğun variant sayıla bilər.
Ruanda ilə digər maraqlı məqam kənd təsərrüfatına aiddir. Ölkədə 1 milyon hektardan artıq əkilən ərazi var. Amma burada məhsuldarlıq aşağıdır. Məsələn, 250 min hektarda becərilən qarğıdalıda orta məhsuldarlıq 1 hektar üçün 2 tonu keçmir. Yalnız iri təsərrüfatlarda bu rəqəm 4,6 tona çatı rvə sair. Hazırda yerli hökumət məhsuldarlığı artırmaq və ölkənən ərzaqla təminatı üzərində işləyir. Bu sahədə əsas ixrac məhsulları çay və kofedir. Eyni zamanda Ruanda da heyvandarlıq yaxşı inkişaf edib.
Amma bu sahəyə yatırımlar ilk növbədə ciddi araşdırma və iri yatırımlar tələb edir. Hələlik ən real yenilik Ruandada ASAN Xidmətlərin qurulması olacaq. Azərbaycan öz ASAN brendinin Ruandada tətbiq edilməsi üçün maliyyə və texniki dəstək verməyə də hazırdır.