Rusiya tərəfi ABŞ və NATO-dan təhlükəsizlik qarantiyası ilə bağlı müraciətinə ABŞ-dan «məyusedici cavab» alsa, «ciddi qərar» qəbul edəcək.
Qırğızıstan gömrük xidmətinin rəisi - SAXLANILIB
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, hələlik tələsik nəticələr çıxarmaq tezdir: ABŞ tərəfi Rusiyanın təhlükəsizlik qarantiyası ilə bağlı müraciətinə gələn həftə cavab verməlidir. Amma əgər bu cavab Moskvanı «məyus etsə», Moskva «ciddi siyasi qərar verəcək».
Xatırladaq ki, ötən həftənin sonunda Rusiya xarici işlər naziri Lavrov ilə ABŞ dövlət katibi Entoni Blinken Moskvanın ABŞ-a müraciətini müzakirə ediblər. Danışıqlardan sonrra Rusiya tərəfi onları uğursuz adlandırıb. ABŞ isə bildirib ki, Rusiyanın müraciəti ilə bağlı «narahatlıqlarını və ideyalarını» yaxın günlərdə yazılı şəkildə təqdim edəcəklər: «Biz gözləmirik ki, bu problemləri dərhal həll edəcəyik. Amma ümid edirik ki, məsələni dinc yolla həll etmək mümkün olub olmadığını başa düşəcəyik».
Rusiya tərəfinin hədələyici açıqlamasına ABŞ-dan cavab verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ Rusiya tərəfinə gələn həftə cavab verəcək, bu cavabda rəsmi Vaşinqtonun Rusiyanın hərəkətlərindən narahatlıq və qarşılıqlı müdafiə hissinin möhkəmləndirilməsi barədə təkliflər yer alacaq.
Psaki deyib ki, tərəflərin bu sahədə ata biləcəyi addımlar var və onlar müzakirə edilir: «biz şəffaflığı artırmaq, riskləri azaltmaq, silahlar üzərində nəzarəti gücləndirmək və etibarı gücləndirməliyik».