FED.az Oxu.az-a istinadən biznes məsləhətçi Fəxri Ağayevin məqaləsini təqdim edir:
Eləcə də bax: Dəbli biznes və uğursuz - İNVESTORLAR
Fəxri Ağayev yazır...
- Peşəkarlara güvəndik, dəvət etdik – fayda ala bilmədik;
- Tələb etdikləri maaşı verdik, ancaq 2 ay sonra getdilər;
- Gəldilər, işə başladılar, hər kəsin başını qarışdırdılar, sonra da işdən ayrıldılar.
Şirkətlərində dəyişiklik etmək istəyən sahibkarlarımızın işə cəlb etdikləri peşəkarlar haqqında reformların və yeniliklərin alınmamasından sonra dedikləri adətən bu tərzdə olur.
Bu gün Azərbaycan biznesi çox ciddi transformasiya mərhələsindədir – biznesə, sahibkarlıq fəaliyyətinə və idarəçiliyin tərzinə vizyon transformasiyası baş verməkdədir.
4 il öncə iqtisadiyyatda baş verən hadisələr ölkə biznesində olan reallıqları göstərdi və yeni şərtlərdə sahibkarlarımız bəzi faktlarla barışmaq məcburiyyətindədirlər:
- Öncəki böyük pul kütləsi və yüksək istehlak dövrü bitdi;
- Bazarda ciddi rəqabət var və artaraq davam edəcək;
- Bu gün artıq çox işləmək deyil – effektiv və savadlı işləmək lazımdır;
- Şirkətlərdə idarə etmə sisteminin qurulması üçün işə peşəkarlar cəlb edilməlidir.
Bu gün Azərbaycan biznesində çox mühüm dönüş nöqtəsidir və artıq əksər sahibkarlar və şirkətlərimiz peşəkarlara müraciət etməyin məcburiyyət olduğunu qəbul edir.
Şirkət rəhbərləri müxtəlif sahələrdən peşəkarlarla işləməyə başladı və yeni problem məhz elə bu mərhələdə baş verməyə başladı. Peşəkarların işə cəlb edilməsi ilə möcüzə olacağına inanan firmalar devalvasiyadan sonra ikinci şoku yaşadı – sən demə, peşəkarlar heç də peşəkar deyillərmiş.
Belə hallarla son 2 il ərzində çox qarşılaşdığım üçün məqalə yazmağa qərar verdim.
Peşəkarların işə cəlb edilməsi və xilaskarlıqları haqqında əsas ƏFSANƏLƏR və nəticədə anlaşmazlıqlara olan səbəblər bunlardır:
1. Peşəkar idarəçi ordu ilə tək və boş əl ilə döyüşən Rembo deyil. Eləcə də biznes həyatı film deyil.
Təsəvvür edin ki, futbol komandalarımızdan birinə Ronaldonu oynamağa dəvət edirik.
“Peşəkardır, bacaracaq” düşünərək ona deyirik ki, Ronaldo, sən bizi hələlik bağışla, futbol topu almağa imkan yoxdur - sən hələlik kələmlə oyna. Və məşq etmək üçün də stadionumuz yoxdur – sən hələlik məhəllədə asfalt üstündə məşq et. Massajistə və həkimə də imkan yoxdur – bir təhər elə bu yaxınlıqda olan dövlət poliklinikasına get.
Bunu düşünmək belə gülməldir.
Şirkətə dəvət edilən peşəkara isə bu sözlər adətən deyilir.
Məsələ budur ki, peşəkar öz bilik, bacarıq və savadını, ancaq ona doğru şərait təmin edildiyində göstərə bilər.
Bəzi şirkətlərimiz işə cəlb edilən mütəxəssisə lazım olan şəraiti təmin etmir və o da öz bacarıqlarını buna görə tam göstərə bilmir.
2. Köhnə komandanın qısqanclığı fonunda işə başlayan peşəkar, daim müxtəlif formada sabotaj, tələlər və bəzən də açıq provokasiyalarla qaşrılaşır. Təsəvvür edin ki, bir şirkətə rəhbər gedirsiniz və sahibkarın müxtəlif qohum-əqrəba-dost tanışının sizə qurduğu tələlərlə mübarizə aparmaq zaman və enerjinizin əksər hissəsini alır. 3 ay sonra eyni insanlar sahibkara “gördün, heç nə də edə bilmir” deyirlər.
Bu məsələnin həll edilməsi üçün sahibkarın duruşu sərt və qətiyyətli olmaldır, əks halda ona “sənə canım qurbandır” deyənlər şirkəti batıracaqlar.
3. Qısa zamanda böyük nəticələrin gözlənməsi problemin digər tərəfidir. Biznes - olduqca mürəkkəb, bir çox məqamlara bağlı bir fəaliyyət növüdür. Təsəvvür edin ki, illərlə dağıdılan şirkətə peşəkar idarəçi cəlb edilir. İnsan resursları deyə bir şey yoxdur – marketinq ən primitiv formada televiziya reklamlarından və bilbordlardan ibarətdir – müştərilərin etibarı tamamilə itirilib – satış komandası illərlə passiv satış etdiyinə görə aktiv satış etmək niyyətində belə deyil – şirkətdə disiplin sözünün “d”-si belə yoxdur. Belə bir halda mütəxəssisdən qısa müddətdə nəticə gözləmək ən azından sadəlövhlükdür. Bütün bu işləri toparlamaq üçün zamanla bərabər yeni insanlar, komanda, mütəxəssislər lazımdır. Və bütün bunları quran idarəçi həm də köhnə komandanın müqavimətinə də zaman ayırmalıdır.
Bu mövzularda hər iki tərəfə də məsləhətlərim bunlardır.
Sahibkarlara.
Dəyişmək istəyən, stabil və uzun müddətli sistemə dayanıqlı biznes qurmaq istəyən sahibkarlara
- Peşəkarlara qısa müddətli bütün işləri düzəldən insanlar kimi baxmayın. Bu heç bir yerdə yoxdur, bizdə də olmayacaq. Bir peşəkarın öz bilik, bacarıq və savadını göstərməsi və nəticə verməsi üçün ona zaman, dəstək, komanda və şərait lazımdır. ANCAQ bunlar təmin edildikdən sonra o nəticə verə bilər;
- Peşəkarı işə cəlb etdikdə, rahatlaşıb işlərdən uzaqlaşmayın – tam əksi, işlərin gedişatını daha da diqqətli və yaxından izləyin ki, ona mane ola biləcək insanlar çəkinsinlər;
- Peşəkarları işə cəlb etdikdən sonra, daim onlarla sıx və yaxın ünsiyyətdə olun və etdiklərini anlamağa çalışın. İşin spesifikasını ilk mərhələdə bilməyən peşəkara köhnə komanda bilərək səhv məlumat verər və işinizə, biznesinizə zərər dəyər;
- Biznesə yatırım, ancaq binaya, avadanlıqlara, təmirə olan yatırım demək deyil – bunlarla bərabər, həm də peşəkarlara, onların bilik və bacarıqlarına edilməlidir;
- Qohum-əqrəba-yerli dövrü bitib. Bunu qəbul edin. Ya da iflasa hazır olun. Əgər qohumunuz savadlıdırsa, onun sizə ehtiyacı olmayacaq; əgər bisavaddırsa, sizin ona ehtiyacınız yoxdur. İndiyə qədər şahidi olduğum oğurluqların əksəriyyətini məhz elə şirkət sahibinə “sənə canım qurban” deyən yaxınları olub;
- Biznes qısa müddətli iş deyil – uzun müddətli bir işdir və buna görə də bundan sonra öncəki dövrdən daha az marjalara, daha efffektiv işləməklə uzun müddətli düşüncə tərzi çox vacibdir. Bütün mövzularda – xərclər, müştərilərlə əlaqələr və ünsiyyət, satış, marketinq, şirkətin işə götürən imici kimi məqamları uzun müddətli dəyərləndirin. Biznes dediyimiz də məhz elə budur.
Peşəkarlara və mütəxəssislərə
- İlk öncə, gedəcəyiniz şirkət haqqında dərin məlumatlar alın. Çox “uğurlu” şirkətlərimiz var ki, daxildə tamamilə çürümüş ağac kimidirlər. Orada vəziyyəti düzəltmək alınmayacaq, amma peşəkar fəaliyyətiniz üzərində ləkə olacaq;
- Şərtləri sahibkarla öncədən danışın – dəqiq və təfərrüatlı şəkildə. Sahibkarın “müəllim, nə lazımdırsa, olacaq” kimi ümumi sözlərinə inanmayın, çünki onun üçün “lazımlar” sizin “lazımlardan” fərqli ola bilər. Komandanıza alacağınız əməkdaşlar, əlavə dəstək və ya avadanlıq, işə müdaxilənin olmaması kimi mövzular dəqiq danışılmalıdır;
- Adətən peşəkarın üzərinə belə öhdəlik qoyulur : “Siz gəldikdən sonra satışlar artacaq, ondan sonra nə desən, edəcəyik müəllim”. Bu o deməkdir ki, adam sizdən möcüzə gözləyir – gəl satışları artır, sonra dediyin hər şeyi verərik. Amma lazım olan avadanlıq-komanda-dəstək olmadan satış artmaz;
- Qısa müddət ərzində nəticələr verəcəyinizi vəd etməyin – 2 ay sonra “nooldu, hələ də heç nə yoxdur” sözləri artıq narazılıq və sizə qarşı köhnə komandanın deyəcəyi sözlərə qulaqların açıqlığının əlamətidir;
- Öz psixoloji gücünüzü bilin və buna əlavə olaraq, köhnə komanda ilə toqquşmalara hazır olun. Konfliktlərdən nəinki qaçın və ya uzaq durun – üzünüzdəki ifadə belə qətiyyətli olmağınızı göstərməlidir. Əgər gündəlik işlərlə bərabər döyüş etməyə səbriniz-həvəsiniz-psixoloji gücünüz yoxdursa, o zaman daha güclü bir reformatorun komandasına daxil olun ki, o sizi qorusun və şərait yaratsın;
- Unutmayın ki, nə qədər savadlı olmağınıza baxmayaraq, edəcəyiniz hər şey sahibkarın vizyonu ilə məhduddur. Dəfələlərlə şahidi olmuşam: mütəxəssis ciddi kampaniya-layihə planlaşdırır, sahibkar tam qəbul edə bilmədiyinə görə də “müəllim, əladır, amma il sonunda edək” sözləri ilə yola verir. Buna görə də sahibkarla daim sıx ünsiyyətdə olmaq və onu işlərin bünövrəsi haqqında maarifləndirmək çox vacibdir.
Bu gün Azərbaycan biznesi çox vacib yol ayrıcındadır – yeniliklər edilməlidir, reformalar aparılmalıdır, biznesimiz fərqli və müasir idarəçilik texnika və alətlərini istifadə etməlidir. Bir tərəfdən buna ehtiyacı olan biznes və sahibkarlarımız var, digər tərəfdən də bunu edə biləcək peşəkarlar. İki vacib məqama ehtiyac var: bu iki tərəf arasında doğru ünsiyyət.