Azərbaycanın kosmetika istehsalçısı olan “Gazelli Group” şirkəti qarşıdakı iki ildə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına kosmetika ixrac edəcək.
FED.az xəbər verir ki, artıq şirkət bunun üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalından sərbəst satış sertifikatını yeniləyib.
Eləcə də bax: Urumçidə Azərbaycan şərab evi və - RESTORANI AÇILACAQ
“Made in Azerbaijan” brendi adı ilə kosmetik məhsullar istehsal edən “Gazelli Group” şirkəti 2019-2020-ci illərdə də məhsul ixracını artırmaq üçün sərbəst satış sertifikatını yenilənməsinə ehtiyac duyub. “Gazelli Group”un bununla bağlı sorğusu “Azexport” portalı tərəfindən müsbət qarşılanıb və ona verilən sertifikatlar yenilənib. Portalın təqdim etdiyi sərbəst satış sertifikatı vasitəsilə sözügedən şirkətin qarşıdakı müddətdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə 64 adda məhsul üzrə ixrac reallaşdıracaq.
“Azexport” portalının meneceri Ayxan Qədəşov qeyd edib ki, sərbəst satış sertifikatı hazırda dünyada könüllü xarakter daşıyan sertifikatdır: “Qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullara nəzarətin daha da güclənəcəyini nəzərə alsaq, bu sertifikatın ixracatçı şirkətlər üçün icbari sertifikatlar siyahısına daxil edilməsi ehtimalı böyükdür”.
Sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə “Azexport” portalı tərəfindən təqdim olunub. Sertifikatın verilməsi ilə “Made in Azerbaijan” brendi adı ilə istehsal olunan qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullar artıq Filippin, İndoneziya, Dominikan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Amerika, Çin və sair ölkələrə ixrac olunmağa başlanıb. Bu, “Made in Azerbaijan” brendi adı ilə istehsal olunan məhsulların ixrac coğrafiyasının genişlənməsinə, qeyri-neft ixracının artmasına töhfə verir.