ABŞ-ın Hyuston şəhərindən olan 10 yaşlı Devid və 12 yaşlı Zak Tennerlər limonad satışından əldə etdikləri pulla yeni tikilidən mənzil alıblar. FED.az Avstraliyanın daşınmaz əmlak saytı olan realestate.com.au-ya istinadən bildirir ki, Devid və Zak öz bizneslərinə hələ 7 il əvvəl, Hyustonda limonad satmaqla başlayıblar.
Həmin vaxt qardaşlar heç məktəbə də getmirdilər – Devidin 3 yaşı, Zakın isə 5 yaşı vardı. Onların daha çox əyləncə kimi baxdıqları bu biznes tezliklə gəlir gətirməyə başlayıb və qardaşlara gündə 100-lərlə dollar qazanc gətirirdi ki, bu da yaşıdlarının həsədinə səbəb olurdu.
Tennerlərin ataları fond bazarında aktiv iştirak edən investor idi və onlar da ataları kimi əldə etdikləri pulu səhmlərə yatırmağa başlayıblar. Bir qədər onlar özlərinə məxsus olan qiymətli kağızlar üzrə koll-opsionları sataraq əldə etdikləri pulla evlərinin yaxınlığında tikilməkdə olan 450 mənzillik binada mənzil alıblar.
Bir qədər əvvəl qardaşlar Avstraliyanın Sidney şəhərinə gələrək burada məşhur yazıçı, «Varlı ata, kasıb ata» kitabının müəllifinin qonağı olublar. Qardaşlar onu özlərinin mənəvi atası sayırlar.
Devid və Zakın atası Endi Tenner bildirir ki, uşaqların elə bir xüsusi istedadı yoxdur, sadəcə onlar həmişə investisiyalarla maraqlanıblar.
«Mən yatırım etməyi xoşlayıram, pul qazanmaq, özü də işləmədən qazanmaq mənim xoşuma gəlir», - deyə 12 yaşlı Zak deyir.